• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1009
— 03.07.2024 18:57

Maqnit qasırğası pik həddə çatacaq

KepezTV Player

Maqnit qasırğası Yer atmosferinin yuxarı qatında güclü geomaqnit pozğunluqlar nəticəsində yaranan qlobal hadisədir. Bu pozğunluqlar enerji yüklü hissəciklər, ionlaşmış maddələr və Günəşdən gələn elektromaqnit şüalanma Yerin maqnit sahəsi ilə qarşılıqlı əlaqədə olduqda baş verir. Məlumata görə iyulun 4-nə keçən gecə Yer kürəsində maqnit qasırğasının pik həddi olacaq. Ona görə də mütəxəssislər diqqət edilməli bəzi məqamların olduğunu qeyd edirlər.

Günəş səthinin xeyli hissəsi maqnit ləkələri ilə örtülüdür. Yəni həmin yerdə lokal maqnit sahələrinin intensivliyi çox yüksəkdir. Ona görə də Günəş hadisələri zamanı plazmaların, ionların tullantısı şəklində Günəşdən çox böyük enerji ayrılır. Bunun Günəş-Yer əlaqələrinə çox böyük təsiri var.

İrşad Abbasov- ekspert: “Maqnit qasırğaları Günəşdə partlayışlar baş verərkən kosmosa çox böyük Günəş plazması deyilən yüklü hissəciklər atır. Və onlar da Yer kürəsinə çatarkən, Yer kürəsinin maqnit təbəqəsilə toqquşur və Yer kürəsinin maqnit təbəqəsi həyəcanlanır. Bu həyalanlanma nəticəsində də o dediyimiz maqnit qasırğaları baş verir. Son dövrlər Günəşdə baş verən partlayışlar artdığına görə, Yer kürəsində demək olar hər ay bu qasırğalar olur”.

Həmçinin maqnit qasırğaları insanın səhhətinə də təsir edə bilər. Xüsusilə insanlarda baş ağrıları, aşağı və ya yüksək təzyiq, başgicəllənmə, ürək və gözlərdə ağrı, halsızlıq və yuxusuzluq müşahidə edilə bilər.

Aygün Məmmədzadə- həkim: “Maqnit qasırğası Günəşdə olan partlayışlar nəticəsində yerdə olan rabitə sisteminə və bəzən xroniki xəstəliyi olan insanlara - yaşlılara, körpə uşaqlara və hamilələrə xüsusilə daha çox təsir edir. Bu zaman insanlarda yüksək qan təzyiqi, ürəkbulanma, xüsusilə keçməyən baş ağrısıdır, həmin şəxslər narahatçılıqlardan şikayət edirlər”.

Günəşdə baş verən qasırğalar xüsusən metohəssas insanlara təsir göstərir. Belə şəxslərdə gün ərzində davam edən bir çox şikayətlər olur. Maqnit qasırğalarının mənfi təsirini minimuma endirmək üçün mütəxəssislərin bəzi tövsiyələri var.

Aygün Məmmədzadə- həkim: “Maqnit şüalarının yerə ən çox təsir elədiyi vaxt saat 11 və 17 arası olduğu üçün istər yaşlılara, istər körpə uşaqlara, hamilələrə bu saatlarda çölə çıxmamağı tövsiyə edirik. Qabaqlayıcı tədbir olaraq həmin saatlarda Günəş şüalarından uzaq durmalı, əgər özlərində bu əlamətləri görürlərsə uzanıb dincəlməli, sərin duşlar, bol maye qəbul edə bilərlər. Keçirdikləri əlamətlərə görə məsələn, hipertenziya varsa ona uyğun və ya başağrısı varsa ona uyğun profilaktik müalicə tədbirləri apara bilərlər”.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan az istifadə edilməlidir.

Aişə Rzayeva