Artıq ali təhsil müəssisələrinin magistraturalarına ixtisas seçimi başlayıb. İyunun 30-dək davam edəcək prosesdə düzgün seçim etmək isə tələbələrin üzərinə düşür.
İmtahanda müsabiqə şərtini ödəyən tələbələrin qarşısında “düzgün ixtisas seçmək” kimi əhəmiyyətli bir məsələ durur. Bəzən yüksək bal toplamalarına baxmayaraq səhv ixtisas seçimi, gənclərin istədikləri istiqamətdə təhsil almalarına mane olur. Bəzənsə, heç ümumiyyətlə təhsil ala bilmirlər. Ona görə də bir çox tələbə bu işi kiməsə həvalə edir.
Seyhun Rzayev- tələbə: “Cari ildə keçirilən magistratura 1-ci və 2-ci cəhd imahanlarında iştirak etdim. Və öz istədiyim nəticəni topladım. İxtisas seçimi üçün Hüseyn müəllimin köməyinə ehtiyac duydum, baxmayaraq ki, istədiyim nəticəni toplamışam. Amma ixtisas seçimi bildiyiniz kimi bir az narahat məslədir. Ona görə kömək üçün gəlmişəm”.
Yunis Əliyev- tələbə: “İxtisas seçimi mərhələsindəyəm. Balım bir az az olduğu üçün gəlmişəm ixtisas seçimimi müəllimlərimlə birgə edim. 47 bal toplamışam. İxtisasıma uyğum oxuduğum Aqrar Universiteti yazmışam, Bakı Dövlət Universitetini yazmışam. İnşallah, qəbul olaram”.
Bununla yanaşı Dövlət İmtahan Mərkəzinin jurnallarını araşdıraraq özü ixtisas seçimi edənlər də az deyil.
Qələndər Rzayev- tələbə: “2 gündür ixtisas seçimi başlayıb. Mən də jurnallardan istifadə edərək, balımla ixtisasları uyğunlaşdıraraq özüm ixtisas seçimi etməyə qərar vermişəm. İlk olaraq Bakı Dövlətin tarixini yazdım. Çalışdım öz balımdan yüksək olanları yazmayım ki, qəbul ola bilim”.
Ekspertlərin sözlərinə görə ixtisas seçimində ən önəmli faktorlardan biri toplanılan baldır. Yüksək bal toplayanlar üçün ixtisas seçimi çətinlik yaratmır. Ballar aşağı düşdükcə isə seçim şansı da azalır. Buna görə də maksimum diqqətli olmaq lazımdır. 4 ildir bu sahədə çalışan Hüseyn Namazov bir çox insanların doğru bildikləri yanlışlar haqqında danışıb.
Hüseyn Namazov- müəllim: “Fərdi qaydada ixtuisas seçimi eləmək istəyən tələbələr tövsiyə edirəm ki, bu işlə məşğul olan dostları, tanışları varsa onlardan kömək alsınlar. Çünki şahidi olmuşuq ki, 65, 70, 55-dən çox bal toplayan tələbələr ixtisas seçimində iştirak edir və güvənir ki, mən qəbul olacam, amma qəbul ola bilmir. Çünki burada müəyyən nüanslar var ki, həmin ixtisasa keçən il nə qədər yer ayrılıb, bu il nə qədər yer ayrılıb, həmin ixisasa ötən il minimal qəbul olma balı neçə olub, bunların hər birinə diqqət etmək lazımdır. Həmçinin, bu il həmin ixtisas üçün plan yerinin artımı olubmu, keçənilki və builki jurnallara baxmaq lazımdır”.
Bu il ixtisas seçimində bal dəyişikliyinin gözlənildiyi də istisna edilmir.
Hüseyn Namazov- müəllim: “Öz müşahidələrimə əsasən deyə bilərəm ki, bu il magistratura imtahan səviyyəsində essə olduğu üçün, nisbətən çətin olduğuna görə və hər kəsin ümumi balı aşağı olduğu üçün ballarda enmənin olacağını düşünürəm. Fikrimcə bir çox ixtisaslarda 4-5 bala kimi aşağı düşmə olacaq”.
Dövlət İmtahan Mərkəzi magistraturaya qəbulun nəticələri ilə bağlı bəzi statistik göstəriciləri də təqdim edib. Rəqəmlərə əsasən ötən il bakalavrların yarısının imtahanlarda topladığı bal 54 bal idisə, bu il həmin rəqəm 48 olub. Yəni yüksək bal toplayanların sayı bu il daha azdır.
Aişə Rzayeva
- Baxış: 335