• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1482
— 20.06.2024 18:24

İmtahanda uğur qazanmaq üçün içilən dərmanlar

KepezTV Player

İmtahanda uğur qazanmaq üçün həm abituriyentlər, həm də tələbələr yaddaşgücləndirici dərmanlara üstünlük verirlər. Bu tendensiya son vaxtlar daha da artıb. Abituriyentlərlə yanaşı bəzi valideynlər də övladlarına belə dərmanlar alırlar. Bəs bu kimyəvi preparatlar nə dərəcədə etibarlıdır?

İmtahan ərəfəsində olduğumuz bu vaxtlarda bəzi yeniyetmələr və gənclər diqqətini toplaya bilmədiyindən bunu yaddaş problemi kimi qələmə verirlər. Belə olduğu təqdirdə bəzən psixotrop dərmanlar belə qəbul edilir. Bu da sonradan bəzilərində asılılıq yaradır.  Belə dərmanlara tələbatın artdığını əczaçılar da təsdiqləyir.

Arzu Abdullazadə- əczaçı: “Son vaxtlar ümumiyyətlə, abituriyentlərdə imtahan ərəfəsi olduğu üçün yaddaşla bağlı problemlər əmələ gəlir və onlar çox kütləvi şəkildə də deyil, ancaq dərmanlarla bağlı apteklərə müraciət edirlər. Biz də şahidi oluruq. Məsləhətli olan şeylər - tərkibində “ginkgo biloba” ekstraktı olan dərman preparatları, “omega 3” tərkibli təbii dərmanların təyini məqsədəuyğundur”.

Təbii tərkibli dərman preparatlarının olmasına baxmayaraq, bir çox yerdə mənşəyi bilinməyən kimyəvi dərmanların istifadəsinin də şahidi oluruq. Bu kimi dərmanların istifadəçiləri isə əsasən yeniyetmələr və gənclərdir. Deyilənə görə, dərmanların xeyirini də görüblər.

Abituriyent: “Mən imtahan ərəfəsindəyəm, özüm elə dərmanlardan heç vaxt işlətməmişəm. Fikrimi həmişə cəmləmişəm. Amma dostlarım zehinlərini toplamaq üçün balıq yağları və başqa dərmanlardan istifadə edir”.

Tələbə: “Özüm imtahan vaxtlarında istifadə etməmişəm, amma edən tanışlarım olub. Dediklərinə görə, zehni açır. Yəni oxuduqlarının daha da yadında qalmasını asanlaşdırır. Məncə, elə deyil”.

Tələbə: “Mən abituriyent vaxtı vitaminlər və yaddaş üçün dərman preparatlarından istifadə etmişəm. Onların hər birinin də öz xeyirini görmüşəm. Məndə bir az yaddaş problemi var idi, ona görə də həm ingilis dilindən lüğəti öyrənməyə kömək etdi, həm də riyaziyyat fənnindən məsələləri işləməyə mənə çox kömək etmişdi”.

Abituriyent: “Özüm abituriyentəm. Universitetə hazırlaşıram. Fikrimin yayınmaması üçün aptekdən aldığım dərmanlardan istifadə edirəm. Bu isə mənim zehnimin güclənməsinə səbəb olur. Fikrimi dərslərə verə bilmədiyim üçün bu dərmanlardan istifadə etdim və bu dərmanların qısa müddətdə təsirini gördüm. Bir çox aptekdən ala bilərsiniz”.

Abituriyent: “Mən özüm universitetə hazırlaşıram və fikrimi dərslərə yönləndirə bilmirdim. Dostlarımın məsləhəti ilə dərmanlar aldım. İndi daha yaxşı, gözəl nəticələr əldə etmişəm. Bu dərmanlar zehin gücləndirir, dərsə daha çox fikir yönləndirməyə köməklik edir. Sinif yoldaşlarımın çoxusu istifadə edir, çoxusu da xeyirini görüb”.

Həkimlərin sözlərinə görə, təbii yolla yaddaş gücləndirilməsi mümkündür. Ancaq bu, tədricən baş verir, yəni dərman preparatları kimi yaddaşın güclənməsinə tez bir zamanda nail olunmur. Amma imtahan ərəfəsində əlacı dərmanlarda axtaranlar, tez bir zamanda nəticə qazanmaq istəyirlər. Bu kimi dərmanların yüksək dozada qəbulu isə ağır fəsadlara gətirib çıxara bilər.

Şərifə Həsənova- həkim: “Elə bir şey yoxdur ki, dərman zehin gücləndirsin. Sadəcə olaraq beyinin inkişafına yaxşı təsir edən vitaminlər var, onları qəbul etmək olar. Bu dərmanlar heç də diqqətin bir yerə yönəlməsinə və ya diqqət yayınmasının qabağını almasına kömək etmir. Biz onları məsləhət görmürük. Hətta aşağı yaşda olan uşaqlara heç olmaz, çünki yeniyetmələr və uşaqlarda asılılıq yarada bilər, ona görə də biz məsləhət görmürük. Amma vitaminlər var - A vitamini, E vitamini bunlar uşaqlarda zehni inkişaf etdirir, zehni gərginliyi götürür”.

Dərman preparatlarından fərqli olaraq, qidaların da beyini gücləndirməkdə rolu böyükdür. Mineral və vitamin deposu olan meyvə-tərəvəzlər abituriyentlər üçün əvəzedilməz yaddaşgücləndiricisi hesab edilir. Yaddaşın keyfiyyəti və davamlılığı isə kimyəvi tərkibli dərmanlardan yox, məhz balanslaşdırılmış qidadan asılıdır.

Pərvin Abbaszadə