Daşkəsəndə xüsusi qayğıya ehtiyacı olan gənclər üçün ənənəvi yay düşərgəsi təşkil edilib. 60-dan artıq gəncin iştirak etdiyi düşərgədə müxtəlif əyləncəli oyunlar, yarışlar və ekskursiyalar təşkil olunub.
“Sizinlə daha gözəl” inklüziv yay düşərgəsi Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşıb. Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzində baş tutan düşərgə 2 gün davam edib. Düşərgənin birinci günündə gənclər üçün tarixi abidələrə ekskursiyalar təşkil olunub. Həmçinin Fiziki idman oyunları, Şəbəkələşmə, müxtəlif yeni tanışlıqlar, Əl işləri və rəsm ilə bağlı ustad dərsləri təşkil olunub.
Ruslan Kərimov- iştirakçı: “Dünəndən 2 günlük düşərgədə olduq. Dünənki gündə Bayan kəndindəki tarixi abidələri ziyarət etdik. Dünən və bu gün də burda geniş oyunlar oynadıq. Həm meydançalarda futbol, basketbol, voleybol oyunları, içəridə də şahmat, stolüstü tennis oynadıq. Bizim hər bir üzvümüz üçün həqiqətən də yaddaşlarda qalan iki gün oldu”.
Şölə Seyidova- iştirakçı: “Bu gün Azərbaycanda standart düşərgələrdən əlavə ilk dəfə inklüziv düşərgə təşkil olundu. Belə təqdirəlayiq düşərgənin bir parçası olduğum üçün həm qürurluyam həm də çox xoşbəxtəm. Bu gün bir iklüziv gəncin üzündə xoşbəxtliyə səbəb olmuşamsa, nə xoş mənim üçün. Belə düşərgələrin davamlı olmasını çox istəyərik. Çox xoş oldu mənim üçün. Həm onların özlərini tanıması üçün, həm də bizdən biri olduqlarını hiss elətdirmək üçün əlimizdən gələni etdik. Sırf onlara inklüziv olaraq yox, bizdən biri olaraq yanaşdıq. Bu, bizim üçün çox böyük bir uğurdur”.
Aysu Həsənova- iştirakçı: “Biz burda olanda hər şey çox gözəl idi. Burada kinolara baxdıq, futbol, voleybol oynadıq. Hər bir şey əyləncəli idi. Buranı çox bəyənmişəm”.
Xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi məqsədilə keçirilən düşərgədə gənclər arasında vətənpərvərlik hisslərinin aşılanmasına xüsusi diqqət ayrılıb. Onlara vətəndaşlıq və vətənpərvərlik ideyalarının təbliğ edilməsi, dostluq və yoldaşlıq əlaqələrinin qurulması kimi istiqamətlərdə maarifləndirici seminarlar keçirilib.
Maarif Quliyev- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin baş məsləhətçisi: “İnklüziv yay düşərgəsi vaxtı əsasən tarixi abidələrə ekskursiyalar təşkil olundu. İstər Bayan kəndində, istərsə də digər yerlərdə olan tarixi məbədlərə ziyarət təşkil olundu. Yay düşərgəsinin müsbət cəhəti o oldu ki, hən sosiallaşma cəhətdən çox faydalı oldu. Gənclərin bir-birlərini tanıma cəhdləri, şəbəkələşmə cəhdləri, dostluq körpülərinin qurulması cəhətdən çox faydalı oldu. Həm əyləndilər, həm də müxtəlif oyunlar oynayaraq asudə vaxtlarını səmərəli keçirdilər”.
Düşərgənin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan gənclərə diqqət və qayğını hiss etdirmək, eləcə də onların cəmiyyətə adaptasiyasını təmin etməkdən ibarətdir.
Pərvin Abbaszadə
- Baxış: 364