• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1695
— 31.05.2024 19:38

Müəllimlərin etik davranış qaydaları nüfuzun yüksəlməsinə xidmət edəcək

KepezTV Player

Bir müddət əvvəl Elm və Təhsil Nazirliyinin Kollegiyası tərəfindən Müəllimlərin etik davranış Qaydaları təsdiqlənib. Qərara əsasən, təhsilverən əmək funksiyalarının icrası zamanı ölkə Konstitusiyasının, qanunlarının, beynəlxalq müqavilələrin və digər normativ hüquqi aktların tələblərinə əməl etməlidir. Bəs bu qaydalar nədən ibarətdir? Valideynlərin buna münasibəti necədir? Ümumiyyətlə proses necə tənzimlənəcək? Dəyişiklik müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan şəkil, audio və video materialları paylaşmağı qadağan edir. Təhsilverən ictimai davranış normalarına riayət etməli, cəmiyyətin və ayrı-ayrı fərdlərin hüquqlarının pozulmasına gətirib çıxaran əməllərdən çəkinməlidir. Eləcə də təbiətin, tarixin və mədəni irsin qorunmasına həssas yanaşmalıdır.

Leyla Camalzadə- direktor müavini: “Son çıxan qərar o qədər yaxşı oldu ki, çünki məsələn, məktəbin daxilində baş verən, doğruluğu əks etdirməyən, yanlış göstərilməyə çalışılan heç bir informasiya heç bir kütləvi informasiya vasitələrində yayımlanmayacaq. Təbii ki, tamlıqla qarşısını almaq qeyri-mümkündür. Amma bu da bir addımdır. Və biz bunun üçün bütün müəllimlər adından təşəkkür edirik”.

Aynurə Şirinova- müəllimə: “Müəllimlərin etik davranış Qaydaları haqqında qəbul olunmuş qərar bir müəllim olaraq məni sevindirir. Çünki son dövrlər sosial şəbəkələrdə istər müəllimlər tərəfindən, istər şagirdlər tərəfindən xoşagəlməz videolar, şəkillər paylaşılır. Belə düşünürəm ki, artıq bundan sonra müəllimlər və şagirdlər müəyyən çərçivə əsasında hərəkət edəcəklər və işlədikləri təhsil müəssisəsi haqqında lazım olmayan məlumatların paylaşılmasına icazə verilməyəcək”.

Bundan əlavə, müəllimlərə xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkmək də qadağan edilib. Onlar icra və əmək intizamına riayət etməli, üzrsüz səbəbdən işdən yayınmamalıdırlar. Dövlət əmlakından şəxsi maraqlar üçün istifadə etməməlidirlər.

Telman Daşdəmirov- müəllim: “Ola bilər ki, şagirdlər görər ki, məktəb həyətində kimsə siqaret çəkir. Bu qərarın qəbulu ona görə yaxşıdır ki, artıq şagirdlər bunları görməz. Biz kişi müəllimləri olaraq bu məsələyə onsuz da diqqət yetirirdik və indən sonra da məsuliyyətimizi daha da artırarıq və bu da öz effektini verər”.

Mövzu ilə bağlı valideynlərdən də rəy aldıq. Qərardan onlar da razılıq ifadə etdilər.

Valideyn: “Əslində, yaxşı qərardır. Hər birimizin yetişməsi üçün müəllim böyük rol oynayır. Ona görə müəllim elə davranmalıdır ki, cəmiyyətdə seçilsin. İnsanlar ondan nümunə götürsün, nəyisə ala bilsin. Ona görə müəllim qaydalara əməl etməlidir”.

Valideyn: “Bəzi müəllimlərin davranışı ilə bağlı bu qərar yaxşı, yerində olan bir qərardır. Çünki biz əxlaq, tərbiyə göstərənik, nümayiş etdirənik. Uşaqlar bizdən nümunə alırlar, ona görə biz öz davranışlarımızla nümunəvi hərəkətlər göstərməliyik”.

Valideyn: “Birinci, uşaq evdədir. Ata, ana. İkinci isə məktəb. Uşaq orda çox şey görür, çox şey öyrənir. Əlbəttə ki, onların nəzarəti, tərbiyələri lap güclü olmalıdır ki, şagirdlər yaxşı tərbiyə alsınlar”.

Təhsil eksperti Kamran Əsədov deyir ki, “Müəllimlərin etik davranış Qaydaları” təhsil prosesinin tənzimlənməsinə və inkişafına xidmət edəcək bir sənəddir. Bu sənəd təhsilin və bütövlükdə təhsil prosesinin dövlət və cəmiyyət üçün nə dərəcədə əsaslı olduğunu anlamağa imkan verəcək.

Kamran Əsədov- təhsil eksperti: “Bizim müəllimimizin nüzufu məhz bu qaydalardan sonra daha da yüksələcək. Çox yaxşı qaydadır. Mən hesab edirəm ki, kifayət qədər təkmilləşibdir. Müəllimin cəmiyyətdə nüfuzunun artması istiqamətində yeni qaydalar çox müsbət təsir göstərəcək. Müəllim-valideyn, müəllim-şagird, müəllim-məktəb münasibətləri məhz yeni təlimatda aydın şəkildə göstərilibdir. Və hər kəs artıq təhsilverənin cəmiyyətdə nüfuzunun artmasının şahidi olacaq”.

Azərbaycan təhsil sistemində müəllimlərin etik davranış qaydaları ilə bağlı qərar ilk dəfə 2014- cü ildə qəbul olunub. Və bu, orta məktəblərdə çalışan müəllimlərə şamil olunub. Indi qəbul olunan yeni qərar isə bütün təhsilverənlərə - yəni uşaq bağçları və körpələr evində çalışan müəllimlərə də aiddir. Bu da ümumilikdə 170 minə yaxın müəllim deməkdir. 

Aişə Rzayeva