• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1664
— 23.05.2024 19:53

Qız uşaqları üçün kosmetik vasitələr - olar, olmaz?

Son zamanlar uşaqlarının kosmetik vasitələrlə bəzənməsi, saç və dırnaq boyalarından istifadə etməsi demək olar ki, dəb halını alıb. Makiyaj etmək qız uşaqları üçün hər yaş dövründə maraqlı bir məşğuliyyətdir. Bundan irəli gələrək artıq satışda uşaqlar üçün olduğu deyilən kosmetik vasitələrə də rast gəlinir. Bəs bu hal nə dərəcədə normaldır və hansı fəsadlara səbəb ola bilər?

Şəhər sakini: “Ona görə icazə vermirik ki, onların içərisində kimyəvi şeylər olur. Uşağa başa salırıq. O da istəmir”.

Şəhər sakini: “Xeyr, icazə vermirəm. Çünki onların dərisinə ziyan olur, kimyəvi qatqılar çox olur. Körpəlikdən başa salmışam ki, elə şeylər olmaz”.

Şəhər sakini: “İstəyir, ancaq icazə vermirik, hələ tezdir”.

Mağazalarda satılan uşaqlar üçün kosmetik vasitələr azyaşlıların diqqətini cəlb edir, elə böyüklərdə də maraq yaradır və onu almaq istəyini artırır. Bəzi valideynlər övladlarını sevindirmək üçün həmin məhsulları alırlar.

Nazlı Məzlumzadə- sakin: “Anam evdə özünə makiyaj edirdi. Ona baxdım, xoşuma gəldi. Sonra anam mənə də aldı. Mən də bəzənmək istədim”.

Uşaq üçün olan belə məhsulların üzərində yaş məhdudiyyətinin olduğu yazılsa da, içərisindəkilərlə bağlı heç bir məlumat yoxdur. Məhsulun tərkibi, son istifadə tarixi və bu qəbildən olan xəbərdaredici informasiyalar əks olunmayıb.

Qumru Mustafayeva- satıcı: “Mağazamızda uşaq üçün kosmetik vasitələr mövcuddur. Əksəriyyəti 3 yaş üzəridir. Qiymətləri 9.90-dan başlayır, 29.90-na kimi davam edir. Tələbat da normaldır. Əsasən ona diqqət edirik ki, 3 yaşdan balaca uşaqlara satmayaq”.

Mütəxəssisilər deyir ki, 3-11 yaş aralığında olan uşaqlar ətrafındakı insanlardan və izlədikləri cizgi filmlərindən təsirlənirlər. Xüsusilə qız uşaqları diqqətləri öz üzərlərinə toplamaq üçün makiyaj ləvazimatlarına maraq göstərirlər. Amma kosmetik vasitələrdən istifadə uşaqların dərisinə mənfi təsir göstərə və bəzi ciddi problemlərə gətirib çıxara bilər.

Elvira Qapaqova- həkim: “Uşaq üçün kosmetik vasitə adlanıdırılan məhsullar belə öz içərilərində kimyəvi maddələr daşıyır. Və bu kimyəvi maddələr nəinki uşağın dərisinə və çəkilən nahiyələrə kontakt dermotit, ekzema tipli dəri səpkiləri allergik reaksiyalar verə bilər. Həmçinin də onların tərkibində olan ağır metal qarışımları qana sorularaq qanda və digər daxili orqanlarda - qaraciyər, ürək-damar sistemlərində fəsadlara yol aça bilər. Ona görə də əziz valideynlər bunu bir dəb halına salıb və ya uşaq istədi, uşağın marağı olsun deyə, uşaq üçündür, tam orqanikdir adı altında istifadələri tam yasaqlamağı tövsiyə edirəm”.

Odur ki, bu gün qızlara oyuncaq kimi alınan kosmetik vasitələr gələcəkdə böyük fəsadlara yol aça bilər. Ona görə də min ölçüb, bir biçməkdə fayda var.

Aişə Rzayeva