• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1596
— 22.05.2024 19:50

Rəsmi nikahdan olmayan uşaqların gələcəkdə şəxsi inkişafında ciddi maneələr yaranır

KepezTV Player

Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur. Bu, Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib. Ekspertlərin fikrincə belə hallar Avropa ölkələrində azalmağa başlasa da, ölkəmizdə artıb. Bəs insanlar niyə nikaha daxil olmadan övlad sahibi olurlar?

2011-ci ildə rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların sayı 31 minə yaxın olub. Növbəti illərdə bu say azalsa da, ötən ildən rəqəmlər yenidən artım nümayiş etdirir. Bütün doğulanların hardasa 15%-i qədər. Eksperlər deyir ki, bu cür neqativ halların baş verməsinin kökündə dayanan bir sıra səbəblər var.

Məsim Abadov- ekspert: “İlk növbədə maarifləndirmənin az olması. Buna da ən əsas bizim ucqar kəndlərimiz aiddir. Yaşları az olur, rəsmiləşdirə bilmirlər və ya yaş normal olur, səhlənkarlıq edirlər. Bundan başqa vətəndaş nikahları deyilən bir anlayış var ki, birlikdə yaşayırlar, övlad da olanda atalıq verməklə kifayətlənirlər. Televizorda verilən filmlər, seriallar, şou biznesdə göstərilən bəzi məqamların çılpaqlığı gənclərdə belə bir təəssürat yaradır ki, bu, olar. 20 il əvvəl ailənin dağılması böyük bir qəbahət sayılırdısa, mentalitet, xüsusən də böyük şəhərlərdə - Bakı, Sumqayıt, Gəncə kimi şəhərlərdə öz mövqeyini itirib”.

Belə nəticəyə gəlmək olar ki, nikahdankənar doğulan uşaqların əksəriyyəti 18 yaşın altında olanlar tərəfindən dünyaya gətirilir. Amma gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulacaq övlad üçün ciddi çətinliklər doğurur. Həm psixoloji, həm də hüquqi tərəfdən müəyyən problemlərə səbəb olur.

Məhbubə Sabirli- psixoloq: “Burada adətən əsas zərərlərdən biri qadına dəyir. Çünki bu zaman qadın ailəsi tərəfindən qəbul olunmur və iş tapmaqda da çətinlik çəkə bilir. Qadın maddi və mənəvi cəhətdən uşağın yükünü daşımalı olur. Eyni zamanda cəmiyyətdə də qeyri-qanuni nikahdan doğulan uşağın qəbul olunmama ehtimalı da olur. Uşaq öz yaşıdları tərəfindən burinqə, yəni təhqirlərə məruz qala bilər. Böyüyəndə də travmatik bir ailədə böyümüş olur. Bir cəmiyyət üçün sağlıqlı ailə modeli dağılır”.

Nikahdankənar doğulanların gələcəkdə qarşılaşa biləcəkləri problemlər mütləq nəzərə alınmalıdır. Bu məsələdə ən böyük məsuliyyət valideynlərin üzərinə düşür. Dövlət qurumları da bu mövzunu diqqətdə saxlayır.

Elgün Səfərov- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi: “Qeyri-rəsmi nikahların qarşısının alınması məqsədilə ayrıca maarifləndirici kampaniyalar keçirilir. Kampaniyalar çərçivəsində milli qanunvericilik haqqında məlumatlandırılma, məsuliyyət növü, qeyri-rəsmi nikah münasibətlərinə daxil olmağa görə 4 min manata kimi cərimə, 4 il azadlıqdan məhrum edilməsi məsuliyyəti vətəndaşlara izah edilir. Ondan başqa primitiv tədbirlər aparılır. Dövlət komitəsi tərəfindən keçən il uşaq nikahlarına məcburetmə ilə bağlı 30-dan çox fakt aradan qaldırılmışdır”.

Araşdırmalar onu göstərir ki, rəsmi nikaha girməyənlərin bir çoxunun dini nikahı var. Amma kəbin rəsmi nikah sayılmır və ailə münasibətlərinin hüquqi əsaslı olmasında, qorunub saxlanılmasına heç bir rol oynamır.

Aişə Rzayeva