• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2047
— 01.05.2024 19:54

Sülh və Qlobal Təhlükəsizlik Naminə dialoq

KepezTV Player

Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsü irəli sürüb, hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırlayıb. İndi isə biz müsbət tendensiyadayıq, sülhə doğru gedirik. Bu fikirləri prezident İlham Əliyev "Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı səsləndirib. Ölkəmiz suverneliyini tam bərpa etdikdən sonra siyasi hücumlara məruz qalsa da, yenə sülh təkilifləri ilə çıxış edib. Dövlət başçısı iki ölkə arasında aprılan delimitasiya və demarkasiya işlərinə toxunaraq vasitəçisiz danışıqların üstünlüklərinə toxunub.

"Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsi işğaldan azad oldu. Sentyabrda biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik". Prezident İlham Əliyev Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında belə deyib. Dövlət başçısı Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya işlərinin davam etdiyini bildirib.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda bunun baş verməsinə imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik. Sülh bu bölgədə yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər”.

Dövlət başçısı hazırda neokolonializm praktikasından istifadə edən ölkələrin olduğuna diqqət çəkib. Bildirib ki,  Azərbaycan beynəlxalq hüquq baxımından  bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasına imkan verməyəcək.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Biz öz səsimizi ucaltdıqda - Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik. Bu, yaddan çıxmalı deyil. Dünya belə bir iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyaya, məcburi assimilyasiyaya aparır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”.

“Azərbaycan daxilində mədəniyyətlərarası dialoq hər zaman müsbət olub”, - deyən prezident İlham Əliyev vurğulayıb ki, biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Azərbaycanda yaşayan müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz əslində bu tendensiyaya imkan yaratdı. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu, ən mühüm dəyərləri, tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Azərbaycanın uğurlu inkişafını bir müstəqil ölkə kimi şərtləndirən məsələ əminəm ki, məhz bunlardan ibarətdir. İnsanlar Azərbaycanda yaşayan müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailədəki kimi yaşayır”.

Tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlər, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyimizi qeyd edən dövlət başçısı, Bakının ev sahibliyi edəcəyi COP29-dan da danışıb. Prezident İlham Əliyevin sözlərinə görə, maliyyə COP29-un əsas mövzusu olacaq.

Azad Mustafayev