• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 859
— 01.05.2024 19:52

Avtomobillərin ehtiyat hissələrinin qiyməti niyə ucuzlaşmır?

KepezTV Player

Son bir neçə aydır ki, avtomobillərin ehtiyat hissələrinin qiymətində bahalaşma müşahidə edilir. Özü də proses durmadan davam etməkdədir. Şübhəsiz ki, bu cür qiymət artımı mağazalarda satışa da təsirsiz ötüşmür, durğunluq yaradır. Ekspertlərin isə mövcud vəziyyətlə bağlı proqnozları var.

Mağazalar istər Sovet dövründən qalma, istərsə də xarici istehsallı olan avtomobillərin ehtiyat hissələri ilə doludur. Yəni sürücü istənilən növ nəqliyyat vasitəsinə lazım olan ehtiyat hissələrini tapmaqda çətinliklə üzləşmir. Hazırkı durumda sürücüləri narazı salan məqam qiymətdir. Çünki qiymətlər günbəgün qalxaraq dəyişir. Ən çox qiymət artımı isə Rusiya istehsalı olan maşınların ehtiyat hissələrində müşahidə edilir.

Səlim Bayramov- alıcı: “Ehtiyat hissələrinin qiymətləri çox bahalaşıb. Ala bilmirik, məcbur olub ustalara deyirik ki, ucuz, işlənmiş ehtiyat hissələrindən təmir eləsinlər. İstəyərik ki, ucuz olsun”.

Sulay Qurbanov- alıcı: “Baha olduğundan köhnələri istifadə edirik, alırıq. Büdcəmizə bunlar uyğun gəlir”.

Surxay Məmmədov- alıcı: “Maşın sökülən yerlərdən ikinci əl olan ehtiyat hissələrini alıb, işlədirik. Təzəyə gücümüz çatmır. Paçevnik, eləcə də digər ehtiyat hissələrinin hamısının qiyməti günü-gündən bahalaşır”.

Maraqlıdır ki, alıcılarla yanaşı satıcılar da ehtiyat hissələrinin qiymətinin bu cür qalxmasından narazılıq edirlər. Çünki onlar da alver etməkdə çətinlik çəkirlər. 

İsmayıl Rzazadə- satıcı: “Bizdə əksər ehtiyat hissələri Rusiyadan gələn ehtiyat hissələridir. Son vaxtlar 2-3 faiz artım baş vermişdir. Tyaqa əvvəl 60 manat idi, indi qalxıb 62 manat olub. Şaravoy 7 manat idi, 8 manat olub. Belə qiymət qalxmaları baş verib. Bizim də müştəriyə ötən aylara nisbətən bir az artıq qiymət deməyimiz alıcıların narazılığına səbəb olur”.

Elcan Sadıxlı- satıcı: “Qiymətinə görə faiz məsələsi var. Əsasən 10-20 faiz qalxıbdır. 20 manata satdığım mal indi olub 25 manat. 5 manata satdığımız indi olub 6-7 manat”.

Bəxtiyar Rzayev- satıcı: “Şaravoy 10 manat idisə, indi olub 15 manat. Paçevnik 7 manata satırdıq, indi satırıq 12 manata. Bütün ehtiyat hissələrində qiymət 5-6 manat qalxıb. Müştəri narazılıq edir ki, bunun qiyməti qalxıbdır. Əsas zavod malları Rusiyadan gəldiyi üçün, o mallarda da qiymətlərdə çox dəyişikliklər var”.

Avtomobillərin ehtiyat hissələrinin qiymətlərinin bahalaşmasını yaradan bir sıra amillər var. Ən vacib amil isə quru sərhədlərinin hələ də bağlı olmasıdır.

Rafiq Abbasov- iqtisadçı-ekspert: “Köhnə maşınların ölkəyə daxil olması məhdudlaşdırılıb. Onların hissələrinin də ölkəyə gətirilməsi məhdudlaşdırılıb. Yeni utilizasiya ilə bağlı qərarların da verilməsi köhnə avtomobillərə tələbi aşağı salır. Yeni avtomobillərin ehtiyat hissələrinin qiymətinin qalxması müşahidə oluna bilər. Bu daha çox təzə avtomobillərə ehtiyacı artıracaqdır. Sərhədlər açılsa köhnə avtomobil sürənlərin də ehtiyat hissələrinə tələb olduğuna görə də oradan gətirilmə xərci də aşağı düşə bilər. Yol xərci də baha başa gəlir və yol xərci də aşağı düşdüyünə görə də qiymətlər aşağı düşə bilər”.

Sadalananlar ehtiyat hissələrinin qiymətinin aşağı düşməsinə təsir göstərə biləcək amillərdir. Ancaq görənən odur ki, vəziyyətlə əlaqədar tez bir zamanda bazarda qiymətlər dəyişməyəcək.  

Elnur Vahidoğlu