Gəncədə Məhəmməd Füzulinin 530 illik yubileyi şairin adına olan 22 nömrəli orta məktəbdə qeyd edilib. Sərgi ilə tanışlıqla başlayan tədbirdə dahi şairin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında tutduğu müstəsna yerdən danışılıb. Onun yaradıcılığının Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına təsirindən söz açılıb. Şairin yaratdığı əsərlərin Azərbaycan ədəbi-bədii dilini daha da zənginləşdirdiyi qeyd edilib. Öz müasirlərindən başlayaraq, sonrakı dövrlərdə də Füzuli ənənələrinin davamçısı olmuş bütün görkəmli sənətkarlar bu nəhəng söz ustasının adını hər zaman ehtiramla yad ediblər. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılıb və müəllifinə böyük şöhrət qazandırıb. Tədbirdə şagirdlər Məhəmməd Füzulinin qəzəllərini səsləndirib, əsərlərinə quruluş verilən tamaşalardan parçalar nümayiş etdiriblər.
- Baxış: 236