• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 745
— 23.04.2024 20:19

Prezident ADA-da keçirilən beynəlxalq konfransda

KepezTV Player

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında bildirib. Ölkə lideri, Rəsmi Bakının Qazaxıstanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə razılıq verdiyini də deyib. Dövlət başçısı qeyd edib ki, əgər Ermənistan da bu mövzuda razılaşsa, Xarici İşlər Nazirlərinin növbəti görüşü Qazaxıstanda keçiriləcək.

İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq. Bu fikirləri Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında səsləndirib. Dövlət başçısı bildirib ki, eksklavlar məsələsi başqadır, çünki o, daha mürəkkəbdir. Həmin eksklavlar digər ölkənin əhatəsində olan ərazidə yerləşir. Ona görə onlar delimitasiya prosesində həll olunmalıdır”. Prezident İlham Əliyev, çıxışında Zəngəzur dəhlizi mövzusuna da toxunub.

İlham Əliyev- Azərbaycan Prezidenti: “Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-cu il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, “Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın Şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. Bu, Prezident Putin, Baş nazir Paşinyan və mənim tərəfimdən imzalanmışdır. İndi isə üç ildən çoxdur ki, Ermənistan bu müddəanı, əslində, pozur. İndi onlar, belə demək olarsa, həmin müddəanı aradan çıxarmaq istəyirlər. Lakin, bu, mümkün deyil. Onlar Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır. Bu cür münasibət, təbii ki, çox məyus edir”.

“Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır.” - deyə prezident vurğulayıb. Dövlət başçısı Fransa, Hindistan və Yunanıstanın Ermənistanı Azərbaycana qarşı silahlandırdığını bildirib. Kənar müdaxilələrə baxmayaraq, Prezident hazırda hər iki tərəfin sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışının olduğunu vurğulayıb.

İlham Əliyev- Azərbaycan Prezidenti: “Biz məsələnin həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik. O, zaman sülh sazişinin layihəsi belə yox idi. İndi isə o, artıq mövcuddur. İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır”.

Ölkə liderinin fikrincə, COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Ölkə başçısı, nitqində region dövlətlərinin potensialından da söz açıb. Prezident, ölkələrin birgə işləyə biləcəyi sahələrin artıq məlum olduğunu deyib. Dövlət lideri çıxışında, gənc nəslin təhsili, dayanıqlı inkişaf, yaşıl enerji və digər mövzulara da toxunub. 

Azad Mustafayev