• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1743
— 15.04.2024 20:18

COP29 konfransına hazırlıq tədbirləri

KepezTV Player

Azərbaycan COP29-a sədrliyi və ev sahibliyi çərçivəsində iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət nümayiş etdirəcək. Muxtar Babayev yaşıl keçidin ölkəmizin milli prioritetləri sırasında olduğunu da bildirərək Azərbaycanın Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulduğunu da xatırladıb.

Muxtar Babayev - COP29-un prezidenti: “2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Azərbaycan baza ili müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib”.

COP29 baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev isə iqlim dəyişikliyi, iqlim maliyyəsi ilə bağlı sənədlərin yeni meyarlarının hazırlanmasının COP29-dan əsas gözlənti olduğunu diqqətə çatdırıb.

Yalçın Rəfiyev- COP29-un baş danışıqçısı: “Çünki iqlim maliyyəsi ilə bağlı sənədlər dünyanın üz-üzə olduğu iqlim dəyişmələri problemlərinin həlli üçün kifayət qədər əhatəli deyil. Bu istiqamətdə müxtəlif platformalarda ikitərəfli və çoxtərəfli danışıqlar aparılacaq”.

COP 29 yaşıl enerjiyə keçidin sürətləndirilməsi üçün geniş müzakirə və fəaliyyət platforması olacaq. COP 29-un baş icraçı direktoru isə Azərbaycanın indiyədək bu istiqamətdə götürdüyü öhdəliklərin icrası baxımından yeni imkanların yaranacağına əminliyini ifadə edib. Elnur Soltanov yaşıl keçid və dekarbonizasiya sahəsində siyasətimizin əsas prioritetlərinə də toxunub.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Bakı Olimpiya Stadionunda keçiriləcək. Məkan, iştirakçı sayına və miqyasına görə Azərbaycanın ev sahibliyi edəcəyi ən böyük tədbir olacağndan BMT ilə məsləhətləşmələr və əvvəlki COP tədbirlərinin təcrübəsi nəzərə alınaraq seçilib. COP29-un Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı direktoru Nərmin Carçalovanın sözlərinə görə, COP29 zamanı təşkil olunacaq Göy və Yaşıl zonaların stadion ərazisində kompakt şəkildə yer alması və ətraf mühitə mümkün mənfi təsirini minimuma endirmək məqsədilə ərazinin planı BMT-nin təşkilat komandası ilə koordinasiyalı şəkildə hazırlanır.

Azad Mustafayev