• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1944
— 05.04.2024 19:53

Son üç turda hədəflənən qalibiyyət

KepezTV Player

Bu mövsüm ötənilkindən fərqli elə də ürəkaçan təsir bağışlamayan basketbol üzrə Gəncə komandası növbəti ev oyununa hazırlaşır. Sarı-göylər liqanın 16-cı turu çərçivəsində Cəlilabadla görüşdə doğma azarkeşləri önündə qalibiyyətə köklənib.

Komanda turnir cədvəlində 9-cu pillədə qərarlaşsa da qarşıdakı oyuna ciddi yanaşır. Çünki rəqib ilə güclər bərabər qiymətləndirilir. Son olaraq kubok oyununda Şəkiyə qalib gələn Nizami yurdunun təmsilçisi qarşılaşmaya motivasiya ilə çıxacaq. Pley-off şansı az da olsa qalan klub bunun üçün mövsümün sonuna qədər bütün oyunlarda qalib gəlməlidir.

Bedri Meriç- “Gəncə”nin baş məşqçisi: “Son matçımızı qazanaraq yaxşı bir basketbol oynadıq. Xüsusilə yaxşı müdafiə olunduq. Bu oyunda da bunu davam etdirmək istəyirik. Cəlilabad bizə uyğun bir rəqibdir. Bundan sonrakı görüşlərimizdə isə Şəki və Sumqayıt var. Biz bu oyunu da qazanacağıq. Onun üçün hazırlaşırıq. İnşallah, həftəsonu yaxşı bir oyun olacaq. Rəqib üçün çox önəmli oyundur. Çünki onlar bizdən iki qələbə öndədirlər. Pley-offa görə onlar üçün çox vacibdir. Onlar bizə məğlub olarlarsa pley-off şanslarını itirəcəklər. Buna görə Cəlilabad oyuna təzyiq altında çıxacaq. Biz daha rahat olacağıq. Bizim üçün daha rahat qarşılaşma olacağını düşünürəm”.

Oyunçular da baş məşqçi kimi eyni düşüncədədirlər. Cəlilabadla oyunda qələbə qazanmaq arzusunda olan komanda üzvləri sonrakı görüşlərdən də maksimum nəticə əldə etməyi qarşıya məqsəd qoyublar.

Tariyel Yusifzadə- “Gəncə”nin basketbolçusu: “Biz Cəlilabadı əlbəttə məğlub etməliyik. Mövsümün sonuna qədər bütün oyunları qazanmalıyıq. Çünki şans var ki, pley-offa düşək. Hər oyun biz maksimumuzu göstərməyə çalışırıq”.

Tevon Horton- “Gəncə”nin basketbolçusu: “Növbəti ev oynunda da azarkeşlərimizi sevindirməyə çalışacağıq. İstəyərdik ki, onlar burada olsunlar. Cüzi də olsa pley-off şansımız qalır. Çempionatdakı son qarşılaşmaları da qazanıb, istəyimizə çatmağı düşünürük”.

Gəncə Cəlilabadla aprelin 6-də üz-üzə gələcək. Qarşılaşma saat 14-də Gəncə Olimpiya İdman Kompleksində keçiriləcək.

Orxan Cəfərzadə