• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1518
— 26.03.2024 16:47

UEFA "Qarabağ"ı böyük məbləğdə cərimələyib

UEFA Bakıda "Qarabağ"ın Portuqaliyanın "Braqa" və Almaniyanın "Bayer 04" komandalarına qarşı Avropa Liqasının oyunlarında yaşananlara hüquqi qiymət verib. "Köhlən atlar" "Braqa"ya qarşı pley-off mərhələsinin cavab matçında lazer şüalarından istifadəyə görə 8000, təhqir xarakterli təxribatçı mesaj ucbatından 22500, ictimaiyyətə müraciət sistemindən düzgün istifadə edilməməsi səbəbindən 5000, komandanın düzgün olmayan davranışına görə 7500 avro ödəyəcək. Leverkuzen təmsilçisi ilə 1/8 final mərhələsinin Bakıdakı ilk qarşılaşmasında isə azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər. "Qarabağ" bu səbəbdən 2750 avro ziyana düşüb. Ümumilikdə qurum Ağdam klubunu 45750 avro - təxminən 84532 manat cərimələyib.

UEFA "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevi isə iki oyunluq cəzalandırıb.

Buna 23 yaşlı cinah müdafiəçisinin Bakıda "Braqa"ya qarşı keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçında hakimi təhqir etməsi səbəb olub. Oyunçu Bakıda Almaniyanın "Bayer 04" klubuna qarşı 1/8 final mərhələsinin ilk görüşünü buraxsa da, cavab qarşılaşmasında meydana çıxıb. Bu o deməkdir ki, Cəfərquliyev daha bir avrokubok matçını buraxacaq. Azərbaycan millisinin üzvü Leverkuzendəki matçda da qırmızı vərəqə almışdı. Başqa sözlə, o, avrokuboklarda ən azı iki oyunu buraxacaq. Diskvalifikasiyanın dəqiq neçə qarşılaşmaya sirayət edəcəyi UEFA İntizam Komitəsinin növbəti iclasından sonra müəyyənləşəcək.