• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 967
— 26.03.2024 16:26

"Əl yandıran" göyərti qiymətləri

KepezTV Player

Hər dəfə adət etdiyimiz bayramqabağı qiymət artımını bu dəfə göy-göyərtidə müşahidə edirik, özü də əhəmiyyətli dərəcədə. Dəstəsinə, dadına və adına görə fərqlənən "Gəncə göyü" indi elə bahalanıb ki, təsəvvürə gətirilməyəcək qədər. Bayram qurtarsa da qiymətlərdə eniş görünmür. Bunun nə ilə bağlı olduğunu qarşıdakı süjetdən öyrənək. 

Bazarlarda istənilən adda göyərtini piştaxtalarda görmək mümkün olsa da, almaq sarıdan bunu demək çətindir. Görkəmi və təravəti ilə alıcılara gəl-gəl desə də, qiyməti bunun tam əksini deyir. 

Asim Hüseynov- alıcı: “Əvvəl iki dəstə göy alırdıq, indi yalnız bir dəstə ala bilirik ki, evdə işlədilsin. İstəyərik ki, qiyməti aşağı olsun, camaat bununla qidalana bilsin”.

Gülnara Darğallı- alıcı: “Kətənin bişirilmək vaxtıdır. İstəyirsən ki, göyərti ucuz olsun, alasan. Çox qalxıb. 20 qəpiyə olan göyün qiyməti qalxıb 50-60 qəpik olub. Qiymətlər təxminən 30-40 qəpik qalxıb”.

Seymur İsmayılov- alıcı: “Əvvəllər 20 qəpik, 30 qəpik idisə, indi həmin göylər 70-80 qəpik, 1 manat olub. Bu da istər-istəməz büdcəyə təsir edir”.

Mahir İsayev- alıcı: “Əvvəl 20 qəpiyə alırdıq, indi qiymətlər çox qalxıb. Eləsi olub ki, 1.20 qəpik olub. O dərəcədə qaldırmaq mənə elə gəlir ki, insafsızlıqdır, düzgün deyil. Satanın özünə də ziyandır”.

Qiymətlərin bu cür baha olması bazarda alıcılıq qabiliyyətini aşağı salıb. Satıcılar belə deyir. Bu, gündəlik satılan göy dəstələrinin sayını azaltmaqla, məhsulun qalaraq xarab olmasını da şərtləndirir. Qiymətlərin bu cür qalxmasının səbəbini alıcılar bu cür əsaslandırır. 

Mənzər İsmayılova- satıcı: “Göylərin qiymətləri əvvələ baxanda sürətlə qalxdı. Şüyüdü alırıq 90 qəpiyə, satırıq 1 manata. Hava ilə - yağışla əlaqədar olaraq çox adam palçıqda sahəyə girib yığmırlar. İstixanalarda da şüyüdün yerini təmizləyib, pomidor-xiyar əkirlər”.

Taleh Mustafayev- satıcı: “Yığıb, gətirib bizə verirlər. Biz də üstününə 5-10 qəpik pul qoyub satırıq. Hava da yağışlı keçdiyinə görə qiymətlər qalxıb. Palçıq olduğuna görə sahəyə də girmək olmur. Az olduğuna görə qiymətlər qalxıb. Ancaq bolluq olanda qiymətlər düşür”.

Göy-göyərti tez xarab olma xüsusiyyətinə malik olduğundan onun uzun müddət saxlanılması satıcılara xeyir etmir. Təravətini itirən, saralan keşnişi, şüyüdü, tərəni isə heç kim almır. Odur ki, yağmurlu hava şəraitinin səbəb olduğu qiymət artımı hər iki tərəfi qane etmir, tək istehsalçıdan başqa. Odur ki, havaların isinməyini gözləmək lazımdır ki, qiyməti bir neçə dəfə qalxan göyərtini əvvəlki kimi əldə etmək olsun. 

Elnur Vahidoğlu