• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1774
— 14.03.2024 20:24

Bayram niyə "qara" olmalıdır?

KepezTV Player

Hər il bayram öncəsi yeni dünyasını dəyişmiş insanların yaxınları “qara bayram” adlı mərasim keçirirlər. Rəhmətə gedən şəxsin qəbri ziyarət edilir, məzarı üstə şirniyyat boxçası, xonça, səməni qoyurlar, hələ ehsan süfrəsi də açılır. Bəs “qara bayram” nədir, yaranma tarixi, məişətimizə gəlişi nə vaxt baş verib?

Azərbaycanda mərhumları anmaq üçün qeyd olunan “Qara bayram” xüsusilə də bölgələrdə mərasimlər sisteminin mühüm tərkib hissəsi sayılır. Bu mərasim, dünyasını dəyişən şəxsin qırxı çıxandan sonra gələn ilk bayrama – Novruza və ya Ramazana təsadüf edir. Gəncədə isə adətən bayramdan öncə olan ilk cümə günü ehsan süfrəsi açılmaqla qeyd edilir. Sənubər Qarayeva- şəhər sakini: “Vallah, mənim ağlım kəsəndən, ömür boyu biz ölülərimizi yad etmişik. Necə ki, dirilər bayram edir, yəqin ki, ölülərin də bayramı var. Hər kəs öz əzizinin üstünə gəlir, yad edir. İlaxır çərşənbədən əvvəl həmişə ölüləri də ziyarət edirik, yəni gülab, səməni, gülü onların üstünə gətiririk. Necə evdə bayram edirdin, ölünün də üstünə onu gətirirdin, elə bil onların da payını unutmurdun ki, onları öz sıranda hiss edirdin”.

Reyhan Məmmədova- şəhər sakini: “Gözümüzü açandan biz eşitmişik ki, bu “qara bayram” yəni, ölülərimiz üçün də bugünkü gündə masamızın qırağında oturmursa da, bizimlə bərabər bu bayramı qeyd etmirsə də, biz bunu “qara bayram” adlandırırıq. Hər dəfə bu bayramda - martın 1-dən 14-nə kimi hamı ziyarətə gəlir. Çiçək gətiririk, səməni gətiririk, üstündə gülab tökürük, xonça gətiririk”.

Folklorşünaslar deyir ki, dinimizdə, Novruz bayramı və onun rituallarına daxil olan bayramlar yoxdur. "Qara bayram" və ya qəbir ziyarəti deyilən mərasimlər isə xalq adətidir, qədim inanclardan, sovet dövründən gəlir. Hər kəs bilir ki, bunun ölülər üçün bir faydası yoxdur. Yəni burda dini motiv axtarmaq mümkün deyil.

Salman İmanlı- folklorşünas: “Əslində “qara bayram”da gedirlər özlərinin ölülərini yad edirlər, onlara şirniyyat aparırlar. Amma bunu geniş masştabda keçirmək, təntənəli sürətdə keçirmək İslam qanunlarına ziddir. Bir növ elə bil ki, ölülərinin ruhunu oxşamağa çalışırlar. Amma ölü durub, onu yemir ki! Sadəcə onu ora qoyurlar, onu da imkansız ailələr gəlir ordan götürürlər. İnsan dünyasını dəyişdi, onun üçün nə il var, nə 3 var, nə 40 var, nə də digər mərasimlar var”.

İlahiyyatçıların fikrincə isə tarixi və gözəl bayramlarımızı insanların “qara bayram” adı ilə qeyd etmələri düzgün deyil. Həmçinin ''qara bayram'' adı altında qurulan məclislərin israfçılığa yol aça biləcəyini də qeyd edirlər.

Aişə Rzayeva