• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1390
— 13.03.2024 19:48

GPS texnologiyasının yaratdığı izləmə imkanı

KepezTV Player

Müasir dövrdə artıq peyk texnologiyasından istifadə edərək, yer üzərindəki hər hansı bir nöqtənin dəqiq koordinatlarını müəyyən etmək elə də çətin deyil. Bu imkandan istifadə edən insanlar şəxsi əmlaklarının izlənilməsinə də nail olurlar. Söhbət GPS texnologiyasından gedir.

GPS, peyk texnologiyası hərbi məqsədlər üçün inkişaf etdirilsə də, zamanla mülki həyatın ayrılmaz bir hissəsinə çevrilib. Müasir texnologiyaların ən əhəmiyyətli komponentlərindən biri kimi GPS dəqiq və etibarlı məlumatların əldə edilməsini təmin edir. Günümüzdə isə insanlar daha çox bu sistemi avtomobillərdə istifadə edirlər.

Əli Məmmədov- sürücü: “Mən də bir sürücü kimi istəyərəm mənim də maşınımda GPS olsun. Onun olmağı yaxşıdır ki, maşının oğurlananda hara aparıldığını bilirsən, necə oldu. Adi avtoyumaya verdikdə də bilirsən ki, işçi maşını sürür, sürmür, hər şeydən xəbərdar olursan”.

Samir Almuradov- sürücü: “Müasir dövrdə yaşayırıq, bugünkü dövrdə GPS–in olmağı çox yaxşı bir şeydir. Müsbət cəhəti odur ki, həm polislərimizin də işi rahat olar, şəhərimizin elə yerləri var ki, kamera olmadığına görə GPS-dən istifadə edib, tapmaq olar”.

Hikmət Əkbərli- sürücü: “Mənim özüm də bir sürücü kimi istəyərəm ki, maşınımda GPS olsun. Onun üçün istəyərəm ki, əgər mənim maşınım oğurlansa, mən GPS vasitəsilə istənilən şəkildə maşınımı tapa bilərəm. Bundan başqa biz, yəni bütün sürücülər bildiyiniz kimi maşını avtoyuma məntəqələrinə aparırıq. Həmin avtoyuma məntəqələrində əgər maşınıma hər-hansı bir xəsarət gəlsə, onlara GPS –lə sübut edə bilərəm ki, sən bu maşını sürüb, kənara çıxmısan. Həmin bu şəkildə sübut edərək, hüquqi şəkildə onlardan təzminat ala bilərəm”.

Rəşad Ağayev- sürücü: “GPS-in faydaları budur ki, maşınımı kimsə məndən xəbərsiz götürsə, o dəqiqə yerini tapa bilərəm və ya kimsə məndən maşını götürsə və gec gətirsə baxa bilirəm ki, o, hara gedib, hansı ərazidədir. Mən də bu yaxınlarda öz maşınıma GPS qurmağı fikirləşirəm, çox yaxşı bir şeydir”.

GPS həm peşəkar, həm də şəxsi istifadə üçün populyarlaşan bir vasitədir. Bəs GPS sistemindən hal-hazırda ölkə ərazisində kimlər istifadə edir?

Ərşad Hüseynov- ekspert: “Bu, daha çox konversiya təyinatlı nəqliyyat vasitələrində rast gəlinir və belə nəqliyyat vasitələrinin mülkiyyətçiləri və ya onlara nəzarət edən müxtəlif qurumlar həmin avadanlıqlar vasitəsilə avtomobilin istifadəsi, onun olduğu yer, hərəkət trayektoriyası və s. məsələlər barədə məlumatlar alırlar. Sürət rejimləriylə bağlı müəyyən məlumatlar dəqiqləşdirilə bilər və s. Ən başlıcası da avtomobilin haralarda olduğu, hansı məsafələri qət etdiyinin müəyyən olunması GPS vasitəsilə həyata keçirilir. Buna görə də nəzarət üçün bunun çox böyük əhəmiyyəti var və getdikcə artmaqdadır”.

Qanuni yolla əldə olunan GPS sistemlərinin satışını artıq  bir çox texnoloji mağazalarda görmək mümkündür. Bu avadanlığın qiymətləri xüsusiyyətlərinə görə dəyişir.

Samir Balayev- satıcı: “Hal-hazırda tələbat var və sosial mediada fəaliyyət göstəririk. Həm satış, həm də məlumat üçün ki, necə istifadə olunmalıdır. GPS izləmə cihazlarının qiymətləri 50 manatdan 1000 manata qədər və bundan daha artıq da ola bilir. Buna səbəb olaraq isə həmin cihazların texniki vasitəsinin dəstəkləməsi, yaddaş qabaritləri, yəni eləsi var ki, 8 GB formasında və qiymətə görə yaddaşı arta-arta gedir”.

Bu texnologiya, insanların marşrutlarını asanlaşdırır, şəxsi təhlükəsizliyi artırır və idman fəaliyyətlərinin monitorinqini təmin edir. GPS, həmçinin ictimai xidmətlər və fövqəladə halların idarə edilməsində də vacibdir, çünki tez və dəqiq yerləşdirmə tələb olunan vəziyyətlərdə həyati önəm kəsb edir.

Pərvin Abbaszadə