• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 737
— 11.03.2024 19:42

Qazaxıstan Prezidenti Azərbaycanda dövlət səfərindədir

KepezTV Player

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərinə gəlib. Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidentini qarşılayıb.

Prezident İlham Əliyevin Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü keçirilib.

Hər iki Prezidentin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası reallaşıb. İclasda Kasım-Jomart Tokayev Qazaxıstan və Azərbaycanın həqiqətən strateji tərəfdaş, müttəfiq dövlətlər olduqlarını vurğulayıb. COP29 sammitini Azərbaycan dövlətinin və onun diplomatiyasının tarixi nailiyyəti adlandırıb. Prezident İlham Əliyev Qazaxıstan və Azərbaycan xalqlarının uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşadığını diqqətə çatdırıb. Dövlət başçısı həmkarı ilə regional problematika məsələlərini ətraflı müzakirə etdiklərini də deyib.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Mən Kasım-Jomart Kemeleviçə Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları prosesi haqqında məlumat verdim və ümidvar olduğumu bildirdim ki, bu proses sülh sazişinin imzalanması, tariximizin bu ağır və qara səhifəsinin çevrilməsi ilə başa çatacaq. Həmçinin bizi birləşdirən layihələrdən də ətraflı danışdıq. Mən Qazaxıstan Prezidentinə Qarabağın bərpasında göstərilən qardaş köməyinə, məhz qazax xalqının Azərbaycan xalqına hədiyyəsi və Prezident Tokayevin təşəbbüsü olan Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə görə təşəkkürümü bildirdim. Sabah biz dostluğumuzun da mərkəzi olacaq bu Mərkəzin açılışını edəcəyik. Azərbaycanın suverenliyinin bərpası məsələsində həmrəylik sözlərinə görə minnətdarıq. Əlbəttə, zənnimcə, Azərbaycanda hamı bilir ki, Qazaxıstan bizim etibarlı dostumuz və müttəfiqimizdir”.

Kasım-Jomart Tokayev- Qazaxıstan Respublikasının Prezidenti: “Biz Qazaxıstanın və Azərbaycanın Xəzər dənizi üzrə qonşu dövlətlər olması və bunun, təbii ki, qarşılıqlı münasibətlərimizə xüsusi xarakter verməsi barədə danışdıq. 2020-ci ildən Qazaxıstan və Azərbaycan arasında əmtəə dövriyyəsi beş dəfə artıb. Əlbəttə, mütləq rəqəmlər o qədər də böyük təəssürat yaratmaya bilər. Bu sahədə işlər davam etdirilməlidir. Ölkələrimiz böyük iqtisadi potensiala malikdir və düşünürəm ki, növbəti uğurlar çox da uzaqda deyil. Biz bu gün nəqliyyat və logistikadan tutmuş rəqəmsallaşma məsələlərinə qədər, hələ neft və qaz və digərlərini demirəm, müxtəlif məsələlərdən danışdıq. Məmnunam ki, biz beynəlxalq arenada da uğurla əməkdaşlıq edirik. İstər Birləşmiş Millətlər Təşkilatında, yaxud başqa beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimiz uğurlu qarşılıqlı fəaliyyət göstərirlər. Zənnimcə, bu xətt davam edəcəkdir. Müqəddəs şəhərlər olan Türküstan və Şuşa, həmçinin Uralsk və Mingəçevir, Şımkent və Gəncə arasında qardaşlıq münasibətlərini müsbət nöqteyi-nəzərdən qeyd etmək istəyirəm”. 

Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər. Konteyner qatarının Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən yola salınması Orta Dəhlizin bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edir. Altmış bir konteynerdən ibarət qatar uzunluğu 7 min kilometr olan marşrutu 11 günə qət edib. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılıb. İlkin razılaşmaya əsasən, Mərkəz vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır.

Hər iki Prezidentin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.

Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına dair təşəbbüs Qazaxıstanın Azərbaycana qardaş köməyi, azad edilmiş ərazilərin bərpasına dəstəyidir. Bunu Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında deyib və təşəbbüsə görə həmkarına təşəkkürünü bildirib. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini də ətraflı müzakirə etdiklərini bildirən dövlətimizin başçısı sülh sazişinin imzalanması perspektivləri haqqında məlumat verdiyini diqqətə çatdırıb. "Azərbaycan bu məsələdə maraqlıdır və əslində, məhz Azərbaycan sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub.", - deyə dövlətimizin başçısı sözlərinə əlavə edib.

Dünən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.

Kasım-Jomart Tokayev Şəhidlər xiyabanını da ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakıda, “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin şərəfinə dövlət ziyafəti verilib.

Vüsalə Cənnətova