• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1212
— 04.03.2024 10:10

Maraqlıdır

Amerika hindularında olan adətə görə, oğlan bəyəndiyi qızı onun qardaşından istəməlidir. Hədiyyələrlə qız evinin qarşısına gələn gənc, qapının önündə bəzən günlərlə qalır və bununla öz dözümünü nümayiş etdirir. Bu zaman qız evinin üzvləri gənci müxtəlif işlərin arxasınca göndərir, bəzən isə söyür və təhqir edirlər. Sınaqların sonunda qızın qardaşı onu evə dəvət edirsə, bu artıq razılıq əlaməti sayılır.

Çay həyatımızın ayrılmaz hissəsidir. Süfrəmizi onsuz təsəvvür etmək mümkün deyil. Qardaş ölkə olan Türkiyə isə çayla ilk dəfə XIX əsrdə tanış olub. Lakin bundan əvvəl ölkədən kənara çıxmış türk yazıçılarının əsərlərində "çay" adına rast gəlmək mümkündür. Hacı Məhmət İzzət Əfəndinin "Çay risaləsi" bu əsərlərdən biridir. Yazıçı əsərində çayın faydalarından yazıb. Bir çox mənbələr isə qeyd edir ki, türklər çayla daha əvvəldən tanış olublar. Bu gün Türkiyədə içəcək deyəndə "qəhvə" yada düşür, lakin türklər deyir ki, çay qəhvənin taxtına çoxdan oturub. Əslində ən çox qəhvənin adı işlənsə də, bu yerlərdə çay daha çox içilir. Türklər hesab edir ki, çay qəhvədən daha ucuzdur və hazırlanması asandır. Çayın Türkiyədə mədəniyyət halına gəlməsi isə 1945-ci ildən başlayıb. Bu illərdə ixracat zəifləyir və qəhvə istifadəçiləri qəhvə tapa bilmədikləri üçün çay içməyə üz tuturlar. Rizədə yetişən tünd çayı türklər sevir və həmin illərdən çay türk həyatına daxil olur.

Çay haqqında danışıb, Çində olan çay mədəniyyətini yada salmamaq olmaz. Çay kolunun vətəni Çin hesab edilir. Çay yarpağının xüsusiyyətlərini ilk dəfə lazımınca qiymətləndirən, Çinlilərin əcdadı Sen Nun olub. O, bir çox bitkiləri öyrənib, çoxlu zəhər qəbul edib, çaydan isə zəhər əleyhinə vasitə kimi istifadə edib. Onun istifadə etdiyi acı cövhəri, yaşıl çay adlandırdılar. Qədimdə çinlilər onu 72 zəhərə qarşı dərman hesab edir və yalnız xəstələrin müalicəsi üçün istifadə edirdilər. Daha sonra çay yarpağını dini mərasimlərdə istifadə etməyə başladılar. Müdriklər bir çay fəlsəfəsini yaratdılar. Onlar  inanırdılar ki, çay dəmi insanın iç dünyasına daxil olmağa, yerlə göy, zaman və məkan arasında qarşılıqlı əlaqədə bəşəriyyətin yerini öyrənməyə kömək edir. Çin çayı müxtəlif kateqoriyalara bölünür. Yaşıl, qırmızı, ağ, qara, sarı çay olmaqla 1000-ə yaxın çay növü var. Yüz illər boyunca Çində çayı buxarladıb içirdilər. Amma sonradan çayı qurutmağa başladılar.

Bildiyimiz kimi keçmişdə su tuluqlarda daşınırdı. Tuluğu hazırlamaq daha çox zəhmət tələb edirdi. Onu əsasən, qoyun və ya keçi dərisindən hazırlayırdılar. Bunun üçün Naxçıvanda “qızıl qoyun”un dərisini üstün tutardılar. Yerli balbas cinsli qoyunlara qızıl qoyun deyərdilər. Tuluq hazırlamaq üçün heyvanın dərisini bütöv soyardılar. Heyvanın başını kəsdikdən sonra arxa hissədən, paçadan kəsib corab kimi çevirərək dərinin arasını açmadan çıxarardılar. Bu zaman dərini əsasən, yumruqla soyardılar ki, bıçaq dərini zədələməsin. Dərinin ayaqları biləklərdən kəsilərdi. Aşılanmadan öncə dərinin üzərində qalan piy qatını bıçaqla qaşıyardılar. Aşılanıb tükü tökülmüş dərini arpa unundan hazırlanmış horraya zəy və duz qataraq isladar, sonra isə ovardılar. Bu cür aşılanmış dərilər yumşaq olardı. Sonradan isə dərinin alt hissəsini və ayaqlarını tikib istifadə edirdilər.

Lalə Sadıqova

ƏTRAFLI...