• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1575
— 04.03.2024 20:11

Dövlət imtahanı, yoxsa dissertasiya müdafiəsi?

KepezTV Player

Bakalavr təhsili üzrə standartlara edilən dəyişikliyə əsasən 2023-2024-cü tədris ilində ali təhsil müəssisəsini bitirənlərin əksər qismi dövlət imtahanı verməyəcək. Bu qərar 2020-ci ildə təsdiq olunan təhsil standartında var idi. Bəs bu addım ali təhsilin səviyyəsinə necə təsir edəcək?

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda bakalavriat səviyyəsi üzrə ixtisas təsnifatında 151 ixtisas mövcuddur. Müvafiq ixtisas üzrə yekun dövlət attestasiyasının keçirilib-keçirilməməsi həmin ixtisasın təhsil proqramı ilə müəyyən olunur.

Nərgiz Qaraxanova- Elm və ali təhsil siyasəti şöbəsinin əməkdaşı: “2023-2024-cü tədris ilində məzun olacaq bakalavrların təxminən 60-70 faizi yekun dövlət attestasiyasından azaddırlar. Həmin tələbələrin təhsil proqramları sonuncu semestrdə təcrübə ilə yekunlaşacaq. Əlavə olaraq bildiririk ki, hər bir ixtisas üzrə daha dəqiq məlumat əldə etmək üçün tələbələr müvafiq ali təhsil müəssisələrinə müraciət edə bilərlər”.

Gəncədəki universitetlərdə isə yalnız bir neçə ixtisas üzrə dövlət imtahanı keçərlidir. Hansılar olduğuna gəlincə isə...

Elturan Yusifov- GDU-nun Tədris departamentinin direktoru: “Təhsil proqramında tələbələrin yekun dövlət attestasiyası nəzərdə tutulmayıb. Bir neçə ixtisasda yekun attestasiya nəzərdə tutulub ki, onlar da iyul ayında təşkil olunacaq. Yekun dövlət attestasiyası Turizm işinin təşkili, Ekologiya, Ekologiya mühəndisliyi, Kimya və Biologiya ixtisasında nəzərdə tutulmuşdur. Digər ixtisasların hamısında tələbələr tədris aldığı müddətdə topladıqları ÜOMG əsasında hesablanacaq”.

Universitetlərdə təcrübə prosesi artıq 16 fevral tarixindən başlayıb, 5 iyula qədər davam edəcək.

Nazənin Rüstəmli- tələbə: “Hal-hazırda məktəb müəllimlərinin dərslərində iştirak edirik, qeydlər götürürük, şagirdlərlə necə davranmaq lazımdır, dərs bölgüsü necə olmalıdır bu barədə öyrənirik, onlardan məsləhətlər alırıq”.

Günay Məmmədova- tələbə: “İnformatika müəllimliyi ixtisasının tələbəsiyəm. 39 nömrəli məktəbdə pedaqoji internatura keçirəm. Dərslərə qulaq asırıq. Sonda biz də öz diplomumuzu alıb, müəllim kimi çalışarıq”.

Rəşid Əliyev- tələbə: “5-ci kurs tələbəsiyəm. Hal-hazırda 1 saylı tam orta məktəbdə pedaqoji internaturama davam edirəm. İlin sonunda dövlət imtahanı verəcəm. Və dövlət imtahanı da mənim üçün həm vaxt cəhətdən, həm də özümün inkişafım üçün daha sərfəlidir”.

Ekspertlər hesab edirlər ki, universitetlərdə dövlət imtahanının ləğv olunması təhsilin keyfiyyətinin yüksəlməsində mühüm rol oynayacaq. Çünki onsuz da tələbələrin dörd il ərzində hər semestr ümumi bilik və bacarıqları yoxlanılır. Bu qərarın qəbulu tələbələri semestr imtahanlarında daha yaxşı nəticələr əldə etməyə yönəldəcək.

Kamran Əsədov- təhsil eksperti: “Dövlət imtahanı tələbələrin 4 il ərzində əsas fənnlərdən əldə etdikləri bilikləri təkrar yoxlamağa icazə verirdi. Artıq Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət imtahanı ləğv olunacaq. Əlbəttə, bu, birmənalı şəkildə təhsilin keyfiyyətinə öz təsirini göstərəcək. Dövlət imtahanının ləğv olunması tələbələr üçün müsbət haldır. Çünki olar əlavə imtahan stresindən azad olurlar. Və etiraf edək ki, bəzi ali təhsil müəssisələrində bəzən bu proses neqativ hadisələrlə yadda qalırdı və ya keçirilirdi”.

Hazırda Azərbaycanda 51 ali təhsil müəssisəsində 187 mindən çox tələbə təhsil alır. Onların 30 faizi, yəni 56 mini üçün dövlət imtahanının keçirilməsi nəzərdə tutulur.

Aişə Rzayeva