• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1468
— 25.02.2024 20:50

Qrapplinq üzrə açıq şəhər birinciliyi keçirilib

KepezTV Player

Gəncə Olimpiya İdman Kompleksində idmanın Qrapplinq növü üzrə "Xocalı Soyqırım"na həsr olunan açıq şəhər birinciliyi keçirilib. Yarışın açılış mərasimində şəhid olan həmvətənlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Natiqlər çıxışlarında erməni vəhşiliyindən, xalqımıza qarşı törədilən qəddarlıqdan söz açıblar. Rəsmi hissədən sonra mübarizəyə start verilib. Gəncənin açıq birinciliyində uşaqlar, gənclər və böyüklər mükafatlar uğrunda mübarizə aparıblar. Yarışa 150 idmançı qatılıb. İki gün davam edən birincilikdə Gəncə, Göygöl, Şəki, Zaqatala, Yevlax, Şəmkir, Gədəbəy, Daşkəsən və Bakı təmsilçiləri qüvvələrini sınayıblar.

Azər Beydullayev- Bakı komandasının baş məşqçisi: “10 nəfər heyətlə Bakıdan gəlmişik. Gəncə bizi çox gözəl qarşıladı. Bu yarış çox gözəl təşkil olunub. Təşkilatçılara öz təşəkkürümüzü bildiririk. Ümumiyyətcə, Gəncə regionunda bu idman növü çox inkişaf edib. Gəncə idmançıları arasında çox perspektivli uşaqlar var. Növbəti yarış Respublika çempionatı olmalıdır, ondan sonra Avropa çempionatıdır. Yəni hazır uşaqlar var”.

Amil Həmzəyev- idmançı: “Uzun müddətdir komandamızla bir yerdə bu yarışa hazırlaşırıq. Həqiqətən də çox həyacanlı olur. Bu yarışa Bakıdan gəlmişik. Bu yarışa uzun müddət vaxt sərf eləmişik”.

Səbuhi Məmmədov- Qərb bölgəsinin baş məşqçisi: “Mart ayında bizi Azərbaycan çempionatı gözləyir. İdmançılar arasından seçim edəcəyik və may ayında Bakıda Qrapplinq üzrə Avropa çempionatımız olacaq. Uşaqlarımızın orada iştirak etməsi üçün çalışırıq. Maşallah, yaxşı uşaqlarımız var”.

Ramin Paşayev