Gəncədə futbolun inkişafı uğrunda səylər göstərən mütəxəssislərimiz var ki, onlardan biri də Anar Kələntərovdur. Vaxtı ilə özü də tanınmış futbolçu olan mütəxəssis 50 yaşını haqlayıb.
Anar Kələntərov futbolun sirlərini Gəncənin məşhur və sevimli məşqçilərindən olan Konstantin Obramenkodan öyrənib. Onun rəhbərliyi altında “Lokomotiv” idman cəmiyyətində top qovub. Sonradan "Kəpəz"-in heyətindən peşəkar futbola başlayıb. Həm də ilkə imza atıb.
Anar Kələntərov- veteran futbolçu: ““Kəpəz” futbol klubunda oynayırdım. 1994-95-ci illər idi. Həmin ildə “Kəpəz” futbol klubunun tərkibində çempion olmuşduq. Həm də ilk Olimpiya yığma komandasının üzvləri idik. O vaxt bir yerdə oynadığımız futbolçular var idi - Mahmud Qurbanov, Ceyhun Tanrıverdiyev. Polşaya getdik, baxışda olduq. Onlar da bəyəndilər. Və demək olar ki, ilk dəfə Azərbaycandan xaricə gedən futbolçu kimi mən tarixə düşdüm. “Kəpəz” futbol klubundan müəyyən bir məbləğə transfer etdilər”.
Anar Kələntərov 2009-cu ildən “Şəmkir” klubunda baş məşqçinin köməkçisi vəzifəsində məşqçilik fəaliyətinə başlayıb. Hazırda isə “Kəpəz”in 15 yaşlı futbolçularının baş məşqçisidir. Həm futbolçu, həm də məşçi kimi çalışmağın əsasında bacarıq və istedadın dayandığına diqqət çəkən veteran futbolçunun oğlu da atasının yolu ilə gedir. Fərid Kələntərov “Kəpəz-2"nin heyətində uğurlu çıxışı ilə əsas komandanın heyəti ilə məşqlərə dəvət alıb.
Anar Kələntərov- veteran futbolçu: “Bir valideyn kimi deyim ki, hər bir atanın arzusudur ki, əlbəttə ki övladı legioner həyatı yaşasın, yaxşı çempionatlarda oynasın, Azərbaycanı layiqincə təmsil etsin, yığma komandaya yüksəlsin. Onun üçün də əziyyət çəkməlisən, öz üzərində işləməlisən. O, artıq Allahın qismətidir. Hər bir valideyn istər ki, o top beşlik var ki, hamımız arzulayarıq ki, övladlarımız İgiltərə, İspaniya, Fransa kimi ölkələrdə çıxış etsin”.
Anar Kələntərov Gəncənin futbol potensialının tükənmədiyinə əmindir. Çünki çalışdığı uşaqların perspektivini görür. Odur ki, əsas komandanın potensial təminatçılarının yetişdiyini bildirir.
Anar Kələntərov- veteran futbolçu: “Həqiqətən “Kəpəz” futbol klubu tarix yazan klubdur. Düzdürmü? Dəfələrlə çempion olub, Kubokun sahibi olub. Bura həmişə baza olubdur. Gəncədən həmişə yaxşı uşaqlar çıxıbdır. Yenə də var. Allah hamısını var eləsin. Allahın izni ilə stadionumuz hazır olandan sonra, sponsor cəlb olunandan sonra, yəqin ki, keçmişdə deyildiyi kimi ki, “Gəncə, Azərbaycanın bazası olub”, həqiqətən o günü göləyirik, o gün də gələcək”.
Gəncənin futbol ictimaiyyəti də, azərkeşindən veteranına, "Kəpəz"in keçmiş şöhrətinin bərpasını arzulayır. Bu yol isə yaxşı hazırlanan futboçuların sərgilədikləri oyundan keçir.
Ramin Paşayev
- Baxış: 221