Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə Qətərdə keçiriləcək Dünya çempionatının seçmə mərhələsinin oyunlarına hazırlıq üçün Türkiyəyə yollanıb. Fevralın 12-dən toplanışına start verən yığma Tahir Baxşıyevin rəhbərliyi altında gündə iki dəfə həm fiziki, həm də taktiki məşqlər keçir. Fevralın 21-dək davam edəcək toplanışda 16 basketbolçu iştirak edir. Hazırlıq prosesində özünü yaxşı tərəfdən göstərən 12 oyunçu millinin əsas heyətinə cəlb olunacaq. Milli komandanın kapitanı, Gəncədən olan basketbolçu Amil Həmzəyev hazırlıq prosesi haqqında televiziyamıza danışıb.
Amil Həmzəyev- millinin kapitanı: “Təlim-məşq prosesimiz yaxşı keçir. Toplantı ayın 21-nə qədər davam edəcək. Bildiyiniz kimi, birinci oyunumuz İsveçrə millisi ilə - 22 fevral Frayburq şəhərində keçiriləcək. İkinci oyunumuz da fevral ayının 25-i Bakıda doğma azarkeşlərin qarşısında Kosova komandasına qarşı keçiriləcək. İnşallah, düşünürəm ki, əlimizdən gələni edib, bu mərhələdən keçəcəyik”.
Ramin Paşayev
- Baxış: 153