Azərbaycan Voleybol Federasiyası ötən il start verdiyi "Gənc istedadların müəyyənləşdirilməsi və inkişaf" düşərgələrini davam etdirir. İlin ilk düşərgəsi Gəncədə, Azərbaycan Texnologiya Universitetinin idman zalında düzənlənib.
Gəncə və Tovuz regional voleybol klublarında voleybolla məşğul olan 14 yaşadək qızların cəlb olunduğu düşərgə 3 gün davam edib. Düşərgədə 50-yə yaxın istedadlı yeniyetmə iştirak edib. Voleybolçular bölgələrdə keçirilmiş seleksiya zamanı seçiliblər.
Sərxan Məmmədov- Gəncə Regional Voleybol Klubunun direktoru: “Nəzərinizə çatdırmaq istəyirəm ki, seçilən oyunçular 3 ay ərzində məşqlərə qatılmışdır - əvvəlki seçimlərdə. Bu 3 ay ərzində xüsusi potensialı ilə, bacarıqları ilə seçilən qızlarımız artıq bugünkü gün kamplarda iştirak edirlər. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu tədbirdən, bu kampdan seçilən idmançılarımız, yoldaşlarımız mart ayında Bakıda təşkil olunacaq kampda iştirak edəcəklər və növbəti mərhələdə potensiallı gənclərimiz artıq yayda milli komandanın alt yaş qruplarında iştirak edəcəklər”.
Düşərgəyə yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Șahin Çatma rəhbərlik edib. Düşərgədə gündə 4-7 saat məşqlər keçirilib və uşaqlara voleybolun incəlikləri öyrədilib. Həmçinin idmançıların daha yaxşı forma toplaması üçün müxtəlif proqramlar da həyata keçirilib.
Șahin Çatma- yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi: “Bəli, biz indi seçimlər edirik, ancaq bizim hələlik əlimiz çatmayan alt yaş qrupları var. 2011, 2012, 2013-cü il təvəllüdlü fəal, çevik qız uşaqlarımızı bölgə klublarımıza dəvət edirik ki, onları təkrar yoxlayıb, yığma komandaya cəlb edək. Mənim istədiyim Azərbaycana bir voleybol fırtınası yaşatmaqdır. Azərbaycanda voleybol olub. Ancaq bir vulkan düşünün. Sönmüş bir vulkanı yenidən alovlandımaq istəyirik. Bu baxımdan da valideynlərin üzərinə böyük bir iş düşür”.
Təlimlərdə voleybolçularla yanaşı onların məşqçiləri də iştirak edib.
Ramin Paşayev
- Baxış: 220