• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1146
— 01.02.2024 19:45

Yeni internet virusları təhlükə saçır

KepezTV Player

Mobil bank tətbiqlərində pin kodları və digər parolları oğurlamaq üçün smartfonlarda yeni virus proqramları yaranıb. Hansı ki, bu yolla fırıldaqçıların toruna düşənlər də var. Bəs bu kimi zərərli proqramların qurbanına çevrilməmək üçün necə qoruna bilərik?

Keçən ilin sonlarından internet virusları çox təkmilləşdirilib. Hətta onun hazırlanmasında artıq süni intellektdən də istifadə olunur. Virus mobil bank tətbiqlərindəki pin kodları, eləcə də digər parolları ələ keçirmək üçün barmaq izi və ya üztanıma funksiyasından istifadə imkanına malikdir. Artıq bu zərərli virusların qurbanlarının sayı da get-gedə çoxalır.

Əli Hüseynzadə- zərərçəkmiş: “Birdən mesaj gəldi ki, kartdan filan qədər pul çıxdı. Mən də fikirləşdim ki, necə ola bilər? Sonra yadıma düşdü ki, reklam var idi. Səhvən hansısa bir linkə girmişdim. Fikirləşdim ki, böyük ehtimal ondan ola bilər. Daha sonra bankla əlaqəyə keçdim, dedilər ki, artıq bizlik bir şey deyil. Xoşbəxtlikdən çox böyük məbləğ olmasa da, kartımdan müəyyən qədər məbləğ çıxdı. Bunun da səbəbi internetdəki bu viruslardır. Diqqət cəlb edən reklamlar çıxır, onların heç birinə girməyi tövsiyə etmirəm. Çünki hamısı fırıldaqçıların işidir”.

Adnan Nəbiyev- zərərçəkmiş: “Mənim də başıma bu tipli bir hadisə gəlib. Telefon nömrəmə sms bildirişi gəlmişdi ki, telefonunuzda bu kodu yığın və kartdan xəbərim belə olmadan pul vəsaiti çıxılıb. Daha sonra bankla əlaqə saxladım, bank bildirdi ki, bizim tərəfimizdən olan bir əməliyyat icra olunmayıb. İnsanlara tövsiyə görürəm ki, ilk öncə bir şeyə addım atmamışdan qabaq fikirləşsinlər ki, buradan havayı məbləğ gələ bilər, yoxsa yox. Təbii ki, gələ bilməz”.

Zərərli yazılan proqram təminatları əsasən android cihazları hədəf alır və nəticədə bu viruslar cihazlarınızı sizin iradənizdən çıxararaq qarşı tərəfin əlinə keçirir. Bəs bu cür internet viruslarından qorunmağın yolları nələrdir?

Seymur Bağırov- sosial media mütəxəssisi: “Soxulcantipli viruslardır. Əsasən sosial media istifadəçilərinə açılan bir oyundan ibarətdir və xüsusi xakerlər tərəfindən hazırlanmış və bizim kompyüter və telefon şəbəkələrimizə çökdürülmüş viruslardır ki, bunun da əsas səbəblərindən biri də bizim telefonlarımızda olan boşluqlardır, bu boşluqları yaradan özümüzük. Mobil tətbiqdə proqramlar açılır, bizim bank kartlarımız orada qeyd olunur və oradan da pullar çəkilir. Ona diqqət etmək lazımdır ki, həmin səhifələrdə boşluqlar varmı, yoxmu. Həmin boşluqları necə bilmək olar? İlk öncə səhifələrdən sifariş verən insanların hansı formada qeydiyyat aparmaları, ilk öncə onların adlarının həqiqətən də doğru olub –olmadıqlarına fikir verməkləri lazımdır və hər hansısa bir məhsulu əldə etdikdə məhsulda olan əskikliklərin qeydiyyatı aparılır. Bu formada diqqət yetirsək həm özümüzü, həm də digər insanları qorumuş olarıq”.

Eyni zamanda mütəxəssislər bildirir ki, bunun kimi internet virusları uzun müddət qeyri-aktiv qala bilər. Sonra isə fəaliyyətə keçərək telefonda olan bank tətbiqi vasitəsilə mailiyyə vəsaitini mənimsəyir və nəticədə insanlar fırıldaqçılığın qurbanı olur. Bu kimi fırıldaqçıların qurbanına çevrilməmək üçün isə mobil tətbiqlərdən istifadədə yetərincə doğru məlumatlı və diqqətli olmalıyıq.

Pərvin Abbaszadə