Bakıda Cüdo üzrə 18 yaşa qədər yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib. Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda Gəncəli idmançılar yüksək nəticələr əldə ediblər.
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər müəyyənləşib. 96 klub, cəmiyyət və idman təşkilatından olan 663 cüdoçunun qatıldığı yarışda Gəncə 10-u qız, 54-ü oğlan olmaqla 64 idmançı ilə təmsil olunub. Tatami ustalarımız respublika çempionatında 1-i qızıl, 5-i gümüş, 3-ü bürünc olmaqla, 9 medal qazanıblar.
Mahir Məmmədov- gümüş mükafatçı: “-90 kq çəki dərəcəsində güləşirəm. U-18 Azərbaycan birinciliyində ikinci yerə çıxmışam. 4 görüş keçirdim. Xansoki ilə uduzdum. Öz səhvimdən oldu. İnşallah, gələcəkdə daha da yaxşı nəticələr verərəm”.
Gülşən Hüseynova- gümüş mükafatçı: “Azərbaycan birinciliyində 3 görüş keçirdim. İkisini asanlıqla məğlub etdim. Yalnız finalda hakimlərin qərarı ilə xansoki ilə uduzaraq, ikinci yerə layiq görüldüm”.
Xanəhməd Rzazadə- məşqçi: “Federasiyamız çox gözəl yarış təşkil etdi. Bu yarışda iki idmançım - Məmmədov Mahir 90 kq-da, Hüseynova Gülşən 40 kq-da ikinci yerə layiq görüldülər. İnşallah qismətimizdə olsun, Avropa birinciliyinə, dünya birinciliyinə vəsiqə qazandılar. Federasiyamız bu gün dünya federasiyaları arasında idmançılara göstərilən diqqətə görə yuxarı yerlərdədir. İnşallah idmançılarım yığma komandanın məşqçilərinin rəğbətini qazanıb, Avropa və dünya birinciliklərində iştirak edər və uğurlu nəticələrlə Vətənimizə, Gəncəmizə dönərlər”.
Oğlanların fərdi yarışlarında 60 kq çəki dərəcəsinin final qarşılaşmasında gəncəli idmançılar üz-üzə gəliblər. Məşqçi Hüseyn Allahverdiyevin yetirmələri bu çəkidə qızıl və gümüş medallara sahibləniblər. Fərid Qarayev birinci yerə layiq görülüb, Özqan Quliyev isə ikinci olub. Fərdi yarışların nəticəsinə görə, komanda hesabında medalların sayına görə Gəncə təmsilçiləri 3-cü yerdə qərarlaşıblar. Ümumi nəticələrə əsasən Gəncənin 4 cüdoçusu 29 yanvar tarixində start götürəcək oğlanlardan ibarət milli komandanın təlim-məşq toplanışına cəlb olunub. Bunlar Fərid Qarayev, Özqan Quliyev, Mahir Məmmədov və Ələsgər Məmmədlidir. Milli komanda Türkiyənin Antalya şəhərində təşkil olunacaq 18 yaşa qədər cüdoçular arasında Avropa kubokuna hazırlıq prosesinə start verəcək.
Ramin Paşayev
- Baxış: 347