• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 18.01.2024 20:04

"Verder", "Saraqosa" ... "Kəpəz"

KepezTV Player

"Kəpəz" çempionatın autsayderi olsa da, baxımlı futbol oynaması ilə seçilir ki, bu işdə  Papunaşvilinin əməyi az deyil. Pleymeyker mövqeyində çıxış edən futbolçu yaradıcı üslubu ilə komandasının oyununa bəzək vurur, Premyer-Liqada diqqəti çəkir. 28 yaşlı futbolçu cari mövsümdə meydana çıxdığı 12 oyunda 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Georgi Papunaşvili- "Kəpəz"in oyunçusu: “Elə ilk gündən komanda məndə yaxşı təəssürat yaratdı. Komanda yoldaşlarım, klubun digər üzvləri mənimlə çox səmimi və mehriban davrandılar. Heyətdə Gürcüstandan olan həmyerlim var. Uyğunlaşmaqda onun mənə çox köməyi oldu. “Kəpəz” Azərbaycanda zəngin tarixi olan bir komandadır. Builki çıxış haqqında isə onu deyə bilərəm ki, əla, möhtəşəm deyil, ancaq biz təslim olmamışıq, mübarizə aparırıq. Qarşımıza çıxan, yolumuzu kəsməyə çalışan rəqiblərlə oyunda əlimdən gələnin yaxşısını etməyə çalışıram. İstər bu “Qarabağ”, istər “Neftçi olsun, mənim və komandamızın məqsədi qələbə qazanıb, irəli getməkdir”.

Papu deyərək çağırılan futbolçu vaxtilə İspaniyada “Real Saraqosa” kimi klubun şərəfini qoruyub. Azərbaycana üz tutmağınızı necə qiymətləndirirsiniz? Bu, sizin karyeranızda geri addım sayıla bilərmi? suallarına legioner belə cavab verib. 

Georgi Papunaşvili- "Kəpəz"in oyunçusu: “Oyunçuların karyerasının yaxşı və pis anları olur. Əlbəttə, əgər sən əvvəllər İspaniyada “Real Saraqosa”, Almaniyada “Verder Bremen” kimi klublarda oynamısansa və bundan sonra geri Gürcüstana qayıdırsansa, insanlar bunu karyera enişi kimi qiymətləndirir. Amma yenə də irəliləməyə çalışmalısan. Düşünürəm ki, çətin günlər artıq arxada qalıb. Mübarizəyə davam etməlisən. Üzərində çalışmalısan, özünü ən yaxşı tərəfdən göstərməlisən. Səbrli olmalısan, gözləməlisən. Və bu anda “Kəpəzə” təşəkkürümü bildirmək istəyirəm. Məni yenidən həyata qaytardı, sevindirdi, üzümü güldürdü. Buradayam, bacardığımın ən yaxşısını nümayiş etdirməyə çalışıram, komandaya faydalı olmaq istəyirəm, komanda yoldaşlarıma uğur əldə etmək üçün kömək edirəm. Həmçinin gənc oyunçularımıza dəstək olmağa çalışıram. Bəli, hazırda burada xoş günlər yaşayıram”.

Gürcüstanla Azərbaycan arasında münasibətləri yüksək qiymətləndirən Georgi uzun illər Avropada böyük şəhərlərdə gur mühitdə yaşasa da, Gəncədə darıxmır. 

Georgi Papunaşvili- "Kəpəz"in oyunçusu: “Gəncə əhalisi futbolu, “Kəpəz”i çox sevir. Bu, mənə xoş gəlir. Mənim üçün isə burada yaşamaq...  Bilirsinizmi, diqqətimi ancaq oyunlara yönəltmişəm. Hər gün məşq edirəm. Yalnız oyunlar haqda düşünürəm. Burada tək yaşasam da, bu, mənim üçün problem deyil. Ölkəm Gəncəyə yaxındır. Dostum Mate də darıxmağa qoymur. Bir yerdə vaxt keçiririk. Ümid edirəm yaxınlarda ailəm də bura gələ biləcək. Özümü yalnız hiss etmirəm. Burada həm Azərbaycandan, həm də Gürcüstandan olan çoxlu dostlarım var. Mənim üçün haradasa tək yaşamaq problem deyil. Çünki Avropada da tək yaşamışam”.

Futbolçu olmağınıza əsas səbəb nə olub? sualına Papu belə cavab verib. 

Georgi Papunaşvili- "Kəpəz"in oyunçusu: “Uşaq vaxtından futbola böyük marağım olub. Valideynlərim danışırdılar ki, gecələr topla yatırdım. Hamı kimi küçədə futbol oynamışam və elə o yaşlardan futbolun həyatıma böyük təsiri olub. Bunu hiss edən valideynlərim mənə dəstək olublar və böyüyəndə peşəkar futbolçu olmağımı istəyiblər”.

Papunun sözlərinə görə karyerasında çətin anlar çox olub. Amma heç vaxt təslim olmayıb. Prinsipləri ona güc verib. 

Georgi Papunaşvili- "Kəpəz"in oyunçusu: “Hazırda əsas düşüncəm “Kəpəz”i Premyer Liqada saxlamaqdır. Mənə motivasiya verən də bu fikirdir. Sadəcə hər zaman irəliyə getmək barədə düşünməlisən. Heç vaxt təslim olmamalısan. Çətin vaxtlarım olub. Ancaq ruhdan düşməmişəm. Və əminəm ki, mənim yaxşı günlərim hələ qabaqdadır. Hələ heç nə bitməyib”.

Futbol aləmini iki yerə bölən sualı da “Kəpəz”in üzvünə ünvanladıq. Messi yoxsa Ronaldo? Georginin cavabı maraqlı oldu. O, Messinin istedadına və ustalığına, Ronaldonun isə insani keyfiyyətlərinə heyran olduğunu bildirdi. 

Ramin Paşayev