• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2547
— 16.01.2024 10:02

“Samsung”dan hər iki istiqamətə qatlana bilən yeni ekran

Samsung Display şirkəti CES 2024 sərgisi çərçivəsində həm xarici, həm də daxili istiqamətə qatlana bilən ekranını təqdim edib. Şirkətin bu yeni qatlana bilən ekranı In&Out Flip adını əldə edib. Sözügedən ekranın həm ön həm də arxa hissəsi sensorludur. Buna görə də bu cür ekrana sahib olacaq smartfonun xarici hissəsinə əlavə sensorlu ekran yerləşdirməyə ehtiyac qalmayacaq. Nəticədə bu yeni qatlana bilən ekran həm əsas daxili ekran rolunu, həm də xarici köməkçi ekran rolunu oynayır.

Samsung-un fikrincə bu, öz növbəsində qatlana bilən smartfonları daha kompakt və nazik etməyə yardımçı olacaq. Bununla yanaşı şirkət bildirib ki, In&Out Flip adlı ekran yüksək dözümlülüyə sahibdir. Şirkət onun hazırlanması çərçivəsində ekranı çoxlu sayda dözümlülük testlərindən keçirib. Məlumata əsasən bu yeni qatlana bilən ekran -20 və +60 dərəcə Selsi temperatur şəraitində çalışa bilir. In&Out Flip ekranını hansı smartfonların əldə edəcəkləri və bunun nə zaman baş verəcəyi barəsində məlumat verilməyib.