• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1186
— 09.01.2024 09:31

Barmaq izi skanından yan keçən virus aşkarlandı

ThreatFabric adlı şirkətin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Android cihazlar arasında Chameleon adı altında yayılan virusun daha təhlükəli versiyasını aşkar ediblər. Aşkar edilmiş yeni virus vasitəsilə hakerlər smartfon və planşetlərdəki biometrik təhlükəsizlik sistemindən yan keçə bilirlər. Məlumatda qeyd edilib ki, virus məşhur tətbiqlər kimi maskalanaraq yayılır. Əsasən o, Google Chrome brauzerinin quraşdırıcı faylı kimi maskalanır. Nəticədə diqqətli olmayan istənilən Android istifadəçisi sözügedən virusun qurbanına çevrilə bilər. Məlumata əsasən virus bu ilin əvvəlində aşkar edilmişdi və o, əsasən bank və kriptovalyuta tətbiqlərinə yönəlmişdi.

Həmin vaxtdan virus hakerlər tərəfindən təkmilləşdirilib. Nəticədə virusun yeni versiyası cihazlardakı biometrik təhlükəsizlik sistemlərinin deaktiv edilməsi özəlliyini əldə edib. Sözügedən virusu özündə birləşdirən zərərli proqram təminatının cihaza quraşdırılmasından sonra istifadəçiyə HTML səhifəsi açılır və həmin səhifədə ona xüsusi imkanlar ayarının aktivləşdirilməsi təklif edilir. Bu isə öz növbəsində hakerlərə barmaq izi skanı texnologiyası da daxil olmaqla biometrik təhlükəsizlik sistemindən yan keçməyə imkan verir. Nəticədə istifadəçi cihaza daxil olmaq üçün PIN koddan istifadə edən zaman hakerlər həmin PIN kodu əldə edirlər. Bununla yanaşı hakerlər bu virus vasitəsilə digər şifrələri də əldə edə bilərlər.