• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1728
— 08.01.2024 20:24

Qız velosipedçilərin yetişdirilməsi planlaşdırılır

KepezTV Player

Nizami yurdunda velosiped idman növü ötən ildən inkişaf etdirilməyə başlanıb. Şəhərdə yaradılan bölmədə artıq 20-dən çox yeniyetmə bu idman növünün sirlərini öyrənir və sevindirici məqam odur ki, ölkədaxili yarışda mükatafçılar sırasına düşən idmançı da var. Amma Gəncədəki velosiped bölməsinə yazılanların əksəriyyəti oğlanlardır. Halbuki yığma komandamızın tərkibində kifayət qədər xanım velosipedçilər var və onlar təşkil edilən yarışların əksəriyyətində iştirak edirlər. Federasiya ölkənin ikinci böyük şəhərində də zərif cinsin nümayəndələrini veloidmana cəlb etmək istəyir. 

Maksim Averin- məşqçi: “Bu gün üçün Gəncədə qızlardan ibarət komanda yoxdur. Volesiped idman növünün şəhərdə inkişaf etdirilməsi ilə bu məsələnin həlli planlaşdırılır. Çünki müraciətlərin sayı artır. Texniki məqamlar nəzərə alınmaqla, biz qadın veloidmanını təşkil edə bilmirik. Ancaq gələcəkdə bu istiqamətdə bir sıra planlarımız var. Burada qızların da bu idman növünə cəlb edilməsi üçün çalışırıq”.

Məşqçi, qız komandasını yaratmaq üçün onlara vaxt lazım olduğunu və gələcəkdə bu işin öhdəsindən gələcəklərinə inandığını ifadə edib.

Maksim Averin- məşqçi: “Bizim məqsədimiz oğlanlarla yanaşı, qızların da bu idman növünə marağını artırmaqdır. Bu gün bəzi məqamlar var ki, biz seçimləri edə bilmirik. Bunun üçün əsaslı hazırlıq görmək lazımdır. Gələcəkdə yerli idman qurumu ilə birgə həm həvəskar, həm də peşəkar qadın veloidmanının təşəkkül tapmasına nail olacağıq. Vaxt və əmək sərf etməklə hər şeyin yaxşı olacağına inanıram. Düşünürəm ki, bu idman növünün təmsilçiləri Gəncədə qadın velosipedçilərin yetişdirilməsinə dəstəkdirlər. Sadəcə bir qədər həvəs və cəsarət lazımdır. Burada hiss olunur ki, insanlar bir az çəkinirlər, bu idman növünə kompleksləri var. Lakin geniş mənada yanaşsaq – İtaliya, Fransa, İspaniya, Belçika, Niderlandda veloidman həvəskar səviyyədə geniş yayılıb”.

Eyni zamanda gələcəkdə Gəncədə şöse velosipedi ilə yanaşı, ətraf dağlıq ərazilərdə “mauntain bike” növünün də inkişaf etdilməsi nəzərdə tutulur.

Orxan Cəfərzadə