Azərbaycan futbolunda bir ilk yaşanıb. Ölkəmizin müstəqilik dövründə Xankəndi şəhərinin eyniadlı stadionu birinci dəfə futbol qarşılaşmasına ev sahibliyi edib. Bu, Azərbaycan kubokunun 1/8 final mərhələsinin Qarabağ-MOİK görüşü olub.
Xankəndiyə səfər Bakıdan başladı. Səhərin erkən saatlarında təyinat məntəqəsindən avtobuslarla yola çıxadıq. İdmançılar, azarkeşlər, KİV nümayəndələri, yola düşən hər kəsin simasında sevinc həyəcanı vardı. Axı ilk səfər idi Xankəndiyə. Təxminən 6 saatımızı alan yol boyu Ağdamda görülən işlər, Əsgəran və Xocalıda ermənilərdən sonra qalan mənzərəni, daha doğrusu Sovet dövründən qalma tikililəri seyr edərək çatdıq Xankəndiyə.
“Biz artıq Xankəndidəyik və böyük futbol işğaldan azad olunmuş ərazilərimizə qayıdır. Bu gündən etibarən futbol yarışlarının və digər idman yarışlarının keçirilməsinin təməli qoyulur və bundan sonra həm Xankədidə, həm də işğaldan azad olunan digər ərazilərimizdə də futbolun inkişafı üçün bir sıra addımlar atılacaq”.
Arena işğaldan sonra əsaslı şəkildə yenilənərək futbolsevərlərin ixtiyarına verilib. Qondarma rejimin atributunun əks olunduğu oturacaqlar yenilənib və tribunalara Xankəndi və Qarabağ Azərbaycandır sözləri həkk olunub. Axı Qarabağı Azərbaycan edən ordunun təmsilçisi, elə Qarabağ adının layiqlı daşıyıcısı ilə üz-üzə gəlirdi.
Bu oyun torpaqlarımız işğaldan azad edildikdən sonra ilk rəsmi qarşılaşma olacaq. Bunadək isə işğala qədər son oyun 1993-cü ilin may ayında Qarabağ və Turan komandaları arasında Ağdamda keçirilib. Həmin qarşılaşmadan iki ay sonra isə Ağdam şəhəri işğal olunub.
İdman bayramının əhəmiyyəti ölkə prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə birgə oyunu tribunadan izləməsi ilə daha da böyümüşdü. Xankəndi stadionuna şəhid ailələri və müharibə veteranları, rəsmi şəxslər, idman ictimaiyyətinin nümayəndələri, media nümayəndələri, eyni zamanda kifayət qədər azarkeş təşrif buyurmuşdu. Sovet dövründə stadionda oyun keçirən veteran futbolçular da xanın kəndində idilər.
Təbii ki, doğma yurdumuzda futbol oyununun təşkil edilməsi azarkeşlərin də sevincinə səbəb olmuşdu. Həm yaşlı, həm də gənc nəsil əzəli torpaqlarımızdakı ilk oyunda iştirak etdikləri üçün qürurlu idilər.
Qarabağdakı ilk rəsmi oyun bir sıra məqamlarla diqqət çəkib. Bunlardan biri simvolik olaraq görüşü idarə edən hakimlərin vətən müharibəsi iştirakçıları olmaları idi.
Oyuna gəlincə, “Qarabağ” və MOİK komandalarının meydandakı mübarizəsi Xankəndi stadionuna yaraşan formada maraqlı və baxımlı alındı. Düzdür, yekunda köhlən atlar 1 cavabsız qolla qələbə qazansa da, təbii ki, əsas qalib xalq və ordu idi.
Xankəndidəki ilk oyun gələcəkdə şəhərdə təşkil ediləcək beynəlxalq və yerli əhəmiyyətli tədbirlərə, yarışlara cığır olacaq. Bununla da Xankəndi yenidən canlanacaq və inkişaf edəcək.
İdman yarışları sülhün rəmzi olaraq qiymətləndirlir. Ölkəmiz zəfər paradından sonra ilk dəfə rəsmi olaraq idman yarışı təşkil etməklə bütün dünyaya sübut etdi ki, Azərbaycan hər zaman sülhün tərəfdarıdır.
Orxan Cəfərzadə
- Baxış: 233