• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 987
— 20.12.2023 19:45

Gəncə idmançıları Respublika çempionatında uğur qazanıblar

KepezTV Player

Bakıda Savat idman növü üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Respublika çempionatı keçirilib. Ölkə birinciliyində Gəncə idmançıları da mükafatlar uğrunda mübarizə aparıblar.

300 idmançının mübarizə apardığı yarışa 17 savatçı ilə qatılan Nizami Yurdunun təmsilçiləri doğma şəhərə 14 medalla qayıdıblar. Böyüklər arasında Pərvin Yusubov gümüş, Baxışəli Əliyev, Əli İbrahimov, Zahid Qarayev, Rövşən İsmayılov, Kənan Əsədov isə bürünc medal qazanıblar. Gənclərin mübarizəsində Vidadi Əliyev 2-ci, Nihad Pənahov, Elgün Abbasov, Amin Novruzov 3-cü olub. Qadınların yarışında isə Kəmalə Quliyeva qızıl medal əldə ediblər. Uşaqların mübarizəsində Rauf Əliyev 1-ci yeri tutub, Aslan Quliyev ilə Əli Tapdıqov ölkə birinciliyinin gümüş medalına yiyələniblər. 30 komandanın qatıldığı yarışa gəncəlilər məşqçi Beyrək Bağırovun rəhbərliyi altında qatılıb.

Beyrək Bağırov- baş məşqçi: “Respublikada biz çox yüksək nailiyyət göstərdik. Bunlardan kişilərdə, böyüklərdə yüksək nailiyyətlərimiz oldu, uşaqlarda, gənclərdə çox yaxşı nailiyyətlərimiz oldu. Bu, qənaətbəxşdir. Demək olar ki, bundan sonrakı böyük beynəlxalq turnirlərdə, xaricdə keçirilən yarışlarda Gəncə şəhərindən də böyük idmançılar qatıla bilər və milli komandaya seçilən idmançılarımız qarşıda keçiriləcək beynəlxalq turnirlərdə iştirak edəcəklər”.

Vətən Müharibəsi veteranı Pərvin Yusubov idmanın bu növü ilə yeni məşğul olmasına baxmayaraq, ölkə birinciliyində uğurlu çıxışı ilə yadda qalıb. 85 kq çəki dərəcəsində gümüş medal qazanan savatçı gələcəkdə mükafatın əyarını yüksəldəcəyinə əmindir.

Pərvin Yusubov- gümüş medal sahibi: “Əvvəllər başqa idman növləri ilə də millinin idmançısı olmuşam. Yüksək nəticələr verib, Azərbaycanı ölkəmizdə və ölkəmizdən kənarda təmsil eləmişəm. Bu idman növü mənə çox maraqlı gəldi və mən də bununla yanaşı bu idman növündə distiplin, hörmət və yüksək idman ruhu məni bu idmana cəlb elədi. İnşallah, gələcəkdə bu medalın əyarını qızıl eləmək fikrindəyəm”.

Yarışın qalibi Rauf Əliyev də şəhərimizin ümidverici idmançılarındandır. 8 yaşlı dəri-əlcək ustası uğurlu çıxışından bəhs edir.

Rauf Əliyev- qızıl medal sahibi: “Mən, Azərbaycan çempionatına qatıldım. Qızıl medal aldım. İki görüş keçirdim. Hər iki görüşdə də qələbə qazandım”.

Qarşıda idmançıları daha bir mötəbər yarış gözləyir. Onlar Macarıstanın Budapeşt şəhərində təşkil olunacaq A kateqoriyalı beynəlxalq turnirdə bacarıqlarını nümaiş etdirəcəklər.

Ramin Paşayev