Məşqçi müəllim Eşqin Həsənovun tələbələri Respublikanın müxtəlif şəhər və rayonlarında təşkil olunan 3 ölkə birinciliyində fərqləniblər. Pəhələvanların qazandıqları 21 medaldan 18-i qızıl əyarlıdır. 1 nəfər gümüş, 2 güləşçi isə bürünc medala sahib olub. Yetirmələrinin nailiyyətləri ilə qürur duyan məşqçi nikbindir. Gələcəkdə beynəlxalq səviyyəli turnirlərdə də uğurlu çıxışla mükafatçılar sırasında yer alacaqlarına əmindir.
Eşqin Həsənov- məşqçi: “Öz tələbələrimə inanıram, ümid bəsləyirəm ki, onlar da bizim ehtimadlarımızı doğruldacaqlar. Düzgün yoldayıq. Yolumuz uzundur. İnşallah, çalışacağıq, o yolu qət edək və layiqincə başa çatdıraq”.
11 yaşlı Məhəmməd Kərimov məşqçinin istedadlı güləşçilərindən biridir. Son 3 yarışda 38 kq çəki dərəcəsində qızıl medal qazanan pəhləvan Tovuzda keçirilən açıq birinclikdəki uğurundan danışdı.
Məhəmməd Kərimov- güləşçi: “Güləşlə artıq 5 ildir məşğul oluram. Tovuzda keçirilən yarışda birinci yerə çıxdım. Bu yarışda 4 görüş keçirdim. Bu görüşlərin hamısı mənim üçün uğurlu keçdi və qızıl medal qazandım”.
1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin sərbəst güləş bölməsinin daha bir ümidverici idmançısı Həsən Əliyev isə Şəmkirdə təşkil olunan açıq birincilikdəki uğurlu çıxışla yadda qalıb.
Həsən Əliyev- güləşçi: “32 kq çəki dərəcəsində yarışa qatılmışdım. Bütün görüşlərdə qalib olaraq qızıl medal qazandım və bu yarış şəhər birinciliyi olmuşdu”.
Sərbəst güləşçiləri Şəkidə növbəti sınaq gözləyir. Onlar dekabrın 17-də təşkil olunacaq Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə qatılacaqlar.
Ramin Paşayev
- Baxış: 275