• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1637
— 29.11.2023 09:19

Veneraya bioloji həyat növünün axtarışı missiyası göndəriləcək

Venera planetinin müşahidəsi ilə məşğul olan qrupun bir neçə gün öncə baş tutmuş iclasında Rocket Lab şirkətinin təmsilçisi bildirdi ki, tarixdə ilk dəfə özəl kosmik aparat 2024-cü ilin sonunda Venera planetinə göndəriləcək. Məlumata əsasən, kosmik aparat şirkətin Electron adlı raketi vasitəsilə göndəriləcək. Sözügedən missiyaya isə “Venus Life Finder” adı verilib. Missiyanın əsas məqsədi Venera atmosferindəki buludlarda bioloji həyat növünün axtarışıdır. Rocket Lab şirkətinin Photon adlı sürətləndirici bloku 20 kq çəkiyə və 38 sm diametrə sahib kosmik aparat ilə birgə yüksək orbitə göndəriləcək və daha sonra o, Venera planetinə istiqamət alacaq.

Gələn ilin sonunda Venera Yer kürəsinə yaxın məsafəyə istiqamətlənəcək və 2025-ci ilin mart ayında o, Yer kürəsi ilə nisbətən eyni sırada olacaq. Kosmik aparat 315 kq çəkiyə sahib Photon platforması tərkibində planetə 13 may 2025-ci il tarixində çatacaq və daha sonra onun atmosferinə daxil olacaq. Kosmik aparatın çalışma missiyası 5 dəqiqəlik zamana hədəflənib. Belə ki, bu müddət ərzində Venera səthinə düşən aparat 45-60 km yüksəklikdə öz elmi təchizatlarını aktivləşdirərək Venera buludlarında orqanik molekulların axtarışını reallaşdıracaq. Bu cür yüksəklikdə Venera buludlarında təzyiq ilə temperatur təqribi olaraq Yer kürəsindəki kimidir.

Buna görə də həmin buludlarda orqanik birləşmələrin formalaşması ehtimalı var. 20 km hündürlüyə çatan zaman təzyiq kosmik aparatı məhv edəcək. Lakin həmin müddətə kimi o, əldə etmiş olduğu məlumatları Yer kürəsinə göndərməli olacaq. 2020-ci ildə amerikalı alimlərin Venera atmosferində fosfin aşkar etdiklərini elan etmələrindən sonra Rocket Lab şirkəti bu missiyanı planlaşdırmağa başladı. Qeyd etmək lazımdır ki, Yer kürəsində fosfin müəyyən bakteriyalar tərəfindən ifraz edilir. “Venus Life Finder” missiyası Massaçusets Texnologiya İnstitutunun alimləri ilə birgə reallaşdırılacaq. Layihə özəl strukturlar tərəfindən maliyyələşdirilir.