• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1235
— 10.11.2023 17:51

Region cüdoçuları üçün təlim-məşq toplanışı keçirilir

KepezTV Player

Məşqlər müxtəlif regionlardan olan tatami ustaları üçün təşkil olunub. Cüdoçular, məşqçilər Musa İsmayılov və Ruslan Yunisovun rəhbərliyi altında  məşq prosesində iştirak edirlər. Onlar gün ərzində 3 dəfə məşq edirlər. Sabah çalışmasında əsasən isinmə hərəkətlərinə, günün digər iki məşqində isə taktiki-texniki bacarıqların yaxşılaşdırılmasına diqqət verilir. Ümumilikdə, Bakı və Sumqayıt idmançılarından başqa, respublikanın digər şəhər və rayonlarından olan 72 tatami ustası toplanışa qatılıb.

Musa İsmayılov- baş məşqçi: “Səhərlər saat 7-dən 8-ə qədər çöldə məşq edirik. Sonra 11-dən 1-ə qədər və 5-in yarısından 7-nin yarısına qədər - gündə 3 dəfə məşq keçirik. Məqsəd, regionlarda cüdonun inkişafıdır. Şəhərə baxanda regionlarda bir az zəiflik var. Ona görə də daha səmərəli məşqlər keçmək, daha yüksək nəticələr vermək lazımdır. İstəyirik ki, region idmançıları bakılıları udsunlar”.

Mehraz Abdullayev- cüdoçu: “Mən, Şirvan şəhərini təmsil edirəm. Region birinciliyində qalib oldum və burada 10 günlük təlim-məşq toplantısında iştirak etməyə hüquq qazandım. Məşqlər çətin olsa da, işimiz budur. Məşqlər davam edir. Güclü olmağa çalışırıq”.

Noyabrın 2-də başlayan hazırlıq prosesinə ayın 12-də yekun vurulacaq. Ardından idmançılar Gürcüstana üz tutacaqlar. Qori şəhərində keçiriləcək beynəlxalq təlim-məşq toplanışında bir neçə xarici ölkə nümayəndələri ilə birgə hazırlığa qatılacaqlar. Gələn ilin fevralında isə yeniyetmə cüdoçular Bakıda reallaşacaq Respublika birinciliyində ən güclüləri müəyyənləşdirəcəklər.

Ramin Paşaye