Əli Məmmədov- sakin: “Dönər elə çox yeyən deyiləm. Arada bir təsadüfən yeyirəm. Ancaq onun tərkibi nədir, mənşəyi nədir bilinmir. Nə edəsən, ac qalanda məcbur olub, istifadə edirsən”.
Dönər insanların gün ərzində, xüsusən işi oturaq olmayanların müraciət etdiyi və daha çox ayaqüstü yeyilən qidadır. Tərkibinin keyfiyyətli olmaması isə orqanizm üçün olduqca təhlükəlidir. Müşahidələr onu deməyə əsas verir ki, hər addım başı rast gəldiyimiz dönərxanalarda vəziyyət heç də ürəkaçan deyil.
Dönərxanalarda çəkiliş apardığımız zaman bəzi satış məntəqələri də vardı ki, orada vəziyyəti qənaətbəxş hesab etmək olar. Gün ərzində istifadə olunan ət məhsullarının müvafiq sənədi var. Bundan başqa iaşə obyektlərinin gigiyenik normalara da cavab verməsi diqqətdə saxlanılır.
Ülvi Məmmədov- dönərçi: “Əti biz özümüz alıb, hazırlayıb, şişə vururuq. Qida Təhlükəsizliyi Agentliyi də gəlib, baxır nəzarət edir. İndiyə kimi də heç bir şikayət olmayıb. Tələbata uyğun nə qədər ət gedir, o qədər də ət vururuq. Hər gün təzə-təzə alırıq. Qiyməti də toyuq əti 1 manat 90 qəpik, mal əti isə 2 manat 40 qəpikdir”.
Elnur Qasımov- dönərçi: “Bizdə halal dönərlərdir. Halal kəsimdir, Bakı şəhərindən gəlir. Mal əti, toyuq ətidir. Qiymətlər də - toyuq dönəri 2 manat -ayran üstündə hədiyyə, mal dönəri 2 manat 80 qəpik- ayran üstündə hədiyyədir. Sertifikatlar verilir bizə, şirkətlər halaldır”.
Taleh Abdullayev- dönərçi: “Özümüz hazırlayıb, özümüz vururuq, basdırırıq. Soyuducuya qoyub, müştərilərə veririk. Keyfiyyəti əminliklə veririk. Qətiyyən indiyə kimi heç bir zəhərlənmə olmayıbdır”.
Məntəqələrə ət verən şəxslər də dönər üçün istifadə edilən mal və toyuq ətinin keyfiyyətli olmasını bildirirlər. Əsasən də tələbat yerli istehsal ilə ödənilir.
Bəhruz Rüstəmov- ət satan: “Mal əti kəsim məntəqəsinə gəlir, burada Qida Təhlükəsizliyi tərəfindən də baxılır, möhür vurulur. Alıcılarda heç bir narazılıq yoxdur. Dönərxanalar, restoranlar həmişə gəlib buradan istifadə edirlər. Heç bir problem yoxdur”.
İlham Quluyev- ət satan: “Dönərxanalar da gəlib bizdən götürürlər. Heç bir problem yoxdur və hər gün də nəzarət olunur”.
Dönərlə bağlı sakinlərin də fikri birmənalı deyil. Kimisi bu qidadan məcbur olaraq istifadə etdiyini, zərərli olduğunu bildirir.
Sakin: “Keyfiyyətinə tam əmin ola bilmərik. Onun necə hazırlandığını bilmirik. Yerlərə görə dəyişir. Əslində təhlükəlidir, ancaq tələbələr üçün ayrı çarə yoxdur”.
Sakin: “Onu bilmirik nədən hazırlanır, o nədir. Belə götürəndə məsləhət görmürəm. Özüm yemirəm, ancaq uşaqlar məcbur edəndə, məcburiyyət qarşısında qalanda alırıq”.
Sakin: “Bir dəfə yeyirəm, görürəm yaxşıdır, ikinci dəfə yenə oradan yeyirəm. İnsafən yaxşı olur. Tək halda olur ki, yaxşı olmur”.
Ümumilikdə isə respublikada AQTA tərəfindən ilin əvvəlindən indiyə kimi 8 planlı, 4 plandankənar olmaqla 12 çiy dönər istehsalı məntəqəsində yoxlamalar aparılıb. Bundan başqa 54 planlı, 36 plandankənar olmaqla 90 dönər hazırlanan ictimai iaşə obyektində də reydlər olub.
İlkin Kərimov- AQTA-nın şöbə müdiri: “Yoxlamalar zamanı 11 çiy dönər istehsalı və 82 dönər hazırlanan ictimai iaşə müəssisəsində nöqsan aşkarlanıb. Çiy dönər istehsalı müəssisələrinin 3-ü ilə bağlı istehsalın və məhsul satışının qadağan edilməsi, 3-ü ilə əlaqədar satışın dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar verilib. Həmçinin həmin müəssisələrin 11 vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbri görülüb. Ölkə ərazisində fəaliyyət göstərən dönərxanalarda hazırlanan dönərlərdən müayinələr məqsədi ilə 193 nümunə götürülüb, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Nümunələrin sınaq nəticəsinə əsasən 181 məhsul normativ sənədlərin tələblərinə cavab verib, 12 məhsulda uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluq aşkar olunan məhsul istehsal edən müəssisələr barəsində qanunvericilik çərçivəsində zəruri tədbirlər həyata keçirilib”.
Görünən odur ki, dönərlə bağlı məsələnin ciddiliyi nəzərə alınaraq bu qida növü diqqətdə saxlanılır. Dönəri həm də tanıdığınız, keyfiyyətinə əmin olduğunuz məkandan almaq məsləhətdir. Bu sağlamlığımızın qorunması üçün ən vacib amildir.
Elnur Vahidoğlu
- Baxış: 315