• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1063
— 16.10.2023 20:44

Yaşayış binalarında tüstübacalar təmizlənir

KepezTV Player

Dəm qazından zəhərlənmə hiss edilməyən prosesin nəticəsi olduğundan insan asanlıqla təhlükə altına düşə bilir. Qazın tam yanmaması nəticəsində yaranan bu kabus boğluma və nəfəs darlığı yaradır, zəhərlənməyə səbəb olur. 

İlkin Behbudov- “Azəriqaz” İB-nin şöbə rəisi: “Hadisələrin 90 faizindən yuxarısı əsasən vanna otaqlarında baş verir. Vanna otaqlarında hadisələrin baş verməsini araşdırarkən görürük ki, hadisənin böyük hissəsi tüstübacasında sormasının olmaması, həmin otağa oksigenin daxil olmasına şəraitin olmamasıdır. Qapının aşağısında açıq yerlər qoyulmur, hava çəkmə kanalları işləmir, tüstübacasının normal sorması yoxdur, yaxud da cihazın özü istismar müddətini bitirib və ona görə də normal vəziyyətdə işləmir”.

Dəm qazını yaradan amillərdən olan tüstübacaların vaxtlı-vaxtında təmizlənməməsi zəhərlənmə riskini artırır. Ələlxüsus da çoxmərtəbəli yaşayış binalarında yaşayanların üzləşdikləri bu hal vaxtında müdaxilə edilmədikdə ölümlə nəticələnir. Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxırsa, daha ağır hallar özünü qıcolma, huşun uzun müddət itməsi, ürək fəaliyyətinin pozulması kimi biruzə verir. 

Tükazban Məmmədova- həkim: “İlkin yardımı tək tibb işçiləri yox, yaxında olan insanlar da etməlidir. Xəstənin ağzına nəm cuna qoyub, süni tənəffüs vermək lazımdır. Ürəyi masaj eləmək lazımdır. Təzyiq enibsə, ayaqları qaldırıb, qan dövranını bərpa etmək lazımdır. Başı aşağı-yuxarı edib, tənəffüs gimnastikası vasitəsi ilə süni tənəffüslə bərpa etmək lazımdır”. Gəncədə 750-dən çox yaşayış binası var ki, onun da 91-i doqquz mərtəbəli, 354-ü 5 mərtəbəli, qalanı isə 2-3 mərtəbəlidır. Payız-qış mövsümü ilə əlaqədar olaraq son iki ayda 150-yə yaxın mənzilin tüstübacası təmizlənib.

Məhbubə Məmmədova- sakin: “Tağı Arani küçəsi, bina 9, mənzil 3 ünvanında yaşayıram. Mənzil İstismar Sahəsinin işçilərinə müraciət elədim. Gəldilər, evə tüstü dolurdu. Kəskin iylər var idi. Ancaq onu təmizlədilər”.

Nüşabə Məmmədova- sakin: “Tüstübacadan evə qoxu gəlirdi. Evdə də körpə uşaq var, qoxudan yaşaya bilmirdik. Çox üfunət iylənirdi, evdən bezirdik. Müraciət elədim, sağ olsunlar, adam gəldi. Tüstübacanı açdı, boru taxdı, düzəltdi”.

Rauf Hüseynov- MKTİB-nin işçisi: “Təmiz olmayanda insanlara dəm qazından zəhərlənmələr verə bilər, xəsarət törədə bilər. Ona görə bizim də vəzifəmizdir ki, tüstübacaları təmizləyək. Sakinlərin müraciəti ilə Mənzil İstismar Sahəsinin müdirləri müraciət edirlər, gün ərzində 3-5 evə gəlirik. Öz vəzifəmizi icra edib, yerinə yetiririk”.

Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xüsusi birqadası binalara baxış keçirərək ehtiyac olan mənzillərin tüstübacalarını təmizləyir. Noyabırın sonuna kimi işlərin yekunlaşdırılması nəzərdə tutulur.

Elnur Vahidoğlu