• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1146
— 10.10.2023 20:05

Mövsümün səhhətimizi xəstələndirməsinə imkan verməyək

KepezTV Player

Artıq payız fəslini yaşayırıq. Təsadüfi deyil ki, bu fəsli həm də xəstəliklər fəsli adlandırırlar. Çünki həm psixoloji, həm də fizioloji baxımdan təzadlı fəsil olan payızda insan orqanizmində bir sıra dəyişikliklər baş verir. Havaların dəyişkən keçməsi ilə bəzi respirator xəstəliklər də aktivləşir. Mütəxəssislər də bu günlərdə müraciət edən xəstələrinin sayının 2, hətta 3 dəfəyə kimi artdığını söyləyirlər.

Əsasən yay fəslindən payıza keçdikdə havanın temperaturunda olan kəskin fərq və orqanizmin buna adaptasiya mərhələsi sağlamlığımızda bir sıra problemlərə yol açır. Bunu apteklərə olan müraciətlərin çoxluğu da təsdiq edir. Əczaçıların sözlərinə görə, xüsusən burun-boğaz infeksiyaları ilə bağlı preparat üçün müraciətlər çoxluq təşkil edir.

Arzu Abdullazadə- əczaçı: “Aptekde virus əleyhinə antibiotiklər və virus əleyhinə dərmanlar, vitamin preparatları eyni zamanda simptomatik dərmanlar “qriphot”, “taylolhot” və digər bunu kimi dərmanlara ehtiyac artıbdır. Bizim müşahidələrimizə görə, 3-4 dəfə həmin dərmanlara olan ehtiyaclar artıb və bu barədə pasientlərin sayı da artıb”.

Xüsusilə immun sistemi zəif olan insanların mövsümi xəstəliklərdən qorunması vacibdir. Payızda depressiv xəstəliklər, hava-damcı yolu ilə keçən xəstəliklər və ruhi sarsıntılar özünü daha çox biruzə verir. Bəs sakinlər bu fəslin xəstəliklərindən necə qorunur?

Mütəxəssislər deyir ki, xəstəlik 3 gündən çox davam edərsə, temperatur və əzələ ağrıları tədricən azalmazsa həkimə müraciət edilməlidir.

Şirxan Vəliyev- həkim: “Hər il olduğu kimi bu il də mövsümlə əlaqədar olaraq sayı artıb. Təxminən 70-80 faiz artdığını deyə bilərik. Xəstəliyin müalicəsi üçün iki etap var. 1, profilaktik tədbirlər görülə bilər. Bunun üçün soyuğun orqanizmə təsirindən özümüzü qorumalı və ən əsası isə bu xəstəliklərə yoluxmuş insanlardan özümüzü qorumalıyıq. Maskalardan və gigiyenik vasitələrdən istifadə etməliyik. Xəstəlik olduqda isə bunun üçün mütləq şəkildə araşdırılmalı sadəcə virus infeksiyası, yuxarı tənəffüs yolu infeksiyasıdırsa temperatur olmadığı müddətdə immun gücləndirən vasitələrdən istifadə etməli və simptomatik müalicə aparılmalıdır”.

Həkimlər deyir ki, bu tip problemlərlə qarşılaşanda insanların əksəriyyəti antibiotik qəbuluna üstünlük verir ki, bu da yolverilməzdir. Həkim təyinatı olan dərmanların qəbulu məsləhət görülür.

Aişə Rzayeva