Sentyabrın 20-də Azərbaycanın Tərtər rayonunun Canyataq kəndi ərazisində lokal xarakterli anti-terror tədbirlərində iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Sülhməramlı Kontingentinin həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində Sülhməramlı Kontingentin 5 nəfər hərbi qulluqçusu həlak olub. Baş Prokurorluqdan verilən məlumata görə, bundan başqa, həmin gün qeyd olunan yaşayış məntəqəsinin ərazisində Rusiya Sülhməramlı Kontingentinə məxsus Kamaz markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində Rusiya sülhməramlılarının 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb. Hər iki faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. Bu gün Azərbaycan və Rusiyanın baş prokurorları telefonla danışıblar. Hadisə ilə bağlı Rusiya tərəfinə dərin hüznlə başsağlığı verilib. Tərəflər baş vermiş cinayət hadisəsi ilə bağlı hərtərəfli və sıx təmasda olmaqla araşdırmanın aparılacağı barədə razılığa gəliblər. Hazırda cinayət işi üzrə prokurorluq orqanları tərəfindən istintaq və əməliyyat tədbirləri həyata keçirilir.
- Baxış: 164