Son dövrlərdə vətəndaşlara qarşı kiber dələduzluq faktlarının sayı artıb. Mobil telefonlara göndərilən mesajlar və ya sosial mediada peyda olan saxta iş elanları kimi hallar vətəndaşların pul vəsaitlərinin oğurlanmasına səbəb olur. Bu kimi hallardan qorunmaaq üçün bir neçə qaydaya riayət etmək vacibdir.
"Bir neçə saat vaxt ayırmaqla 600 manat qazanın", "gündəlik qazanc əldə etmək istəyirsinizsə bu linkə daxil olun" tipli mesajlar gecə-gündüz hər birimizi narahat edir. Belə sms-lər cəlbedici olduğu üçün bəzi şəxslər göndərilən bu saxta linklərə daxil olaraq dələduzlarla birbaşa təmasa keçir və nəticədə kibercinayətin qurbanı olurlar.
Elfaq Hüseynov- sakin: “Mənə də belə mesajlar çox gəlir. Belə şeylərə inanmıram. Misal üçün, deyirlər ki, bu mesajı bir neçə nəfərə yollayın, bu qədər pul verəcəklər, ya da bu linkə girin. Bunlar yalan ola bilər. Öz tanışlarıma da məsləhət görürəm ki, belə etməsinlər”.
Xədicə Zeynalova- sakin: “Mənim də başıma çox vaxt belə hadisələr gəlir. Sosial şəbəkələrdə əsasən gəlir ki, hansısa düyməni bas və ya burdan maşın qazan, hansısa pul məbləği qarşılığında. Ancaq çalışıram ki, belə halların qarşısını alım, yəni aldanmayım. Yanımdakı gənclərə tövsiyəm odur ki inanmasınlar, həmçinin yaşlı nəsilə tövsiyəm odur ki, çalışsınlar informasiyaları olsun ki, belə halların qarşısını alsınlar. Çünki, çox vaxt insanları aldadırlar, pullarını alırlar, kartlarını və s. belə hallar baş verir”.
Zülfiyyə Səfixanova- sakin: “Mən özüm də sosial media istifadəçisiyəm. Mənim qabağıma da belə reklamlar həddindən artıq çox çıxır. Heç kimə məsləhət görməzdim ki, belə reklamlara daxil olsunlar. Çıxır ki, bu gün 500 dollar qazandın. Bu kimi reklamlar çox çıxır. Gün ərzində 1 saatı 60 manata işləyirsiniz, yəni belə reklamlar çoxdur”.
Röya İbayeva- sakin: “Ən çox bu mesajı bir neçə nəfərə göndərin, bu qədər qazanacaqsınız. Bununla bağlı çox mesajlar gəlir, qəbul eləmirəm. Savadlı insan hər halda başa düşər ki, burdan ona heç bir xeyir gələ bilməz”.
Ayxan Abbasov- sakin: “Mesajlar tez-tez gəlir. Mesaj formasında da gəlir, votsapp vasitəsilə də göndərirlər. Gün ərzində 60 manatdan 300 manata qədər pul qazanmaq və ya nəsə kart məlumatlarını istəyirlər, soyurlar insanları. İnanmamağı məsləhət görürəm”.
Elşad Fərzalıyev- sakin: “Elə tipli reklamlar çıxır, çıxanda görməməzlikdən gəlirəm. Çalışıram ki, daxil olmayım, çünki hər hansı bir fırıldaqçılığın qurbanı olmayım. Misal üçün, deyirlər 5 dollar göndərin, karqolardan dəyərli əşyalar çıxır və s. bu tipli və ya müəyyən oyunlar, hər hansı bir firmanın belə deyək adından fərqli-fərqli saxta reklamlar göndərir ki, linkə daxil olsanız mükafat qazanacaqsınız və s. Tövsiyəm odur ki, rəsmi olmayan heç bir linkə daxil olmasınlar, kart hesablarını 3-cü şəxslərlə paylaşmasınlar”.
Kiber dələduzlar daha çox vətəndaşlara tanınmış şirkətlərdən bir neçəsinin rəsmi saytlarına bənzər sayt göndərərək oradan qeydiyyatdan keçənlərini tələb edir. Qeydiyyatdan keçərkən təbii ki, insanlardan şəxsi məlumatları ilə yanaşı bank kartları tələb olunur və beləliklə vətəndaşlar bu kimi kiber dələduzluq faktlarının qurbanına çevrilir. Sosial media menecerlərinin sözlərinə görə, bu kimi fırıldaqçılardan can qurtarmağın yeganə yolu maariflənmək və onlara inanmamaqdır.
Sənan Hüseynli- sosial media meneceri: “Bir çox vətəndaşlara belə bir linklər gəlir ki, son 5 videonu izləməklə gəlir əldə edə bilər və ya hansısa bir linklərə keçid etməklə endirim qazana bilər və bunu istifadəçilər ən çox məlumatsızlıqdan həmin linklərə və ya həmin profillərə keçid etdikdə müəyyən tələblər gəlir - kart şifrələri tələb olunur. Tanımadıqları, bilinməyən və ya rəsmi dövlətin hər hansısa bir quru olmayan səhifələrdən gələn linklərə və ya keçidlərə daxil olmasınlar. Real maliyyə sistemi olan platformalardan istifadə etmək, sosial mediada isə alış-veriş etmək üçün ancaq rəsmi şirkətlərin rəsmi səhifələrindən istifadə etməlidirlər”.
Bundan başqa dələduzların ən çox istifadə etdikləri yollardan biri elan saytlarının məlumat bazasını ələ keçirməkdir. Bir virus yazmaqla, həmin saytlardakı bütün əlaqə nömrələri götürülür. Bu yolla da insanların mobil telefonlarına saxta reklam xarakterli mesajlar göndərilir.
Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Əfsuslar olsun ki, internet texnologiyasının inkişafı kibercinayətkarlıq sahəsinə də öz təsirini göstərib. İnternet resurslarında iş elanları, ucuz mülk alqı-satqısı, ucuz əşya alqı-satqısı, online intellektual suallar müəyyən yollarla insanlar aldadılır. Öz kart hesablarının şifrələrini, rəqəmlərini verdikdən sonra qısa müddət ərzində həmiş şəxslərin hesabından pul çəkilir. Gəncə Şəhər BPİ və onun tabeli qurumlarının əməkdaşları da bu sahədə kifayət qədər mübarizə aparır və hər bir halda vətəndaşlardan xahiş olunur ki, əmin olmadan şəxsləri tanımadan online alış-veriş edərkən yalnız inanılmış, tanınmış firma və mağazalardan alış-veriş etsinlər”.
Dələduzların qurbanına çevrilmək istəməyən vətənsaşlar “hər parıldayan qızıl deyil” məsələsinə əməl edərək, hər gələn mesaja inanmamalıdırlar.
Pərvin Abbaszadə
- Baxış: 192