• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1415
— 11.09.2023 20:11

Açıq şəkildə satılan turşularla bağlı diqqətli olun!

KepezTV Player

İndi isə turşulardan danışacağıq. O turşulardan ki, ev şəraitində hazırlanır və bazarlarda açıq şəkildə satışa çıxarılır. Artıq belə tutmaların mövsümüdür. Amma satıcılar dildə and-aman etsələr də, ev şəraitində hazırlanan turşuların keyfiyyətinə zəmanət və zəhərləməmək kimi bir təminatı yoxdur.

Güllü Yusifova- satıcı: “Kələmi alıb, aparıb, evdə təmiz hazırlayıb gətiririk. Qiymətlər də hamısı qarışıq - 2 manatdır. Hamı alır, tərifləyirlər, bir də gəlib alırlar. Heç bir problem də olmayıb. Yeyib alırlar”.

Havalar soyuduqca bazarlarda piştaxtalar üzərində daha fərqli məhsullara rast gəlinir. Bəli, söhbət turşulardan gedir. 1 kiloqramının qiyməti 2 manata olan bu turşulara tələbat kifayət qədərdir. Bəs keyfiyyəti necə?

Qış mövsümü yaxınlaşdıqca insanların müxtəlif tərəvəzlərdən hazırlanan tutmalara da marağı artır. Bazara üz tutanlar isə ev şəraitində hazırlanan turşulara maraq göstərirlər. Bunu bir tərəfdən inam, digər tərəfdən də qiymətin daha münasib olması ilə əsaslandırmaq olar. 

Alıcı: “Elə turşu var evdə düzəldirlər. Eləsi də var inandığımız adamlardan alırıq. Bu xanım illərin turşu düzəldənidir. Biz ona etibar edirik, güvənirik tuşuları da dadlı olur, gəlib bazardan alırıq. Elə turşular var ki, evdə elə alınmır”.

Alıcı: “Baxırıq məsləhətdirsə istifadə edirik. Bazarda tanıdığımız adamlar var. Onlar yaxşı hazırlayırlar. Ona görə bura üstünlük verirəm”.

Alıcı: “Bazardan çox almırıq. Çünki, evdə qoyulana daha çox üstünlük veririk.

Mütəxəssislər deyir ki, turşu düzgün hazırlandığı təqdirdə faydalı olur. Məhsulun tərkibində olan mikroelementler və vitaminlər normal səviyyədə qalır, bununla da bizim qış ərzində olan vitamin aclığımız ödənir. Ancaq iştahamızı artıran bu məhsullardan istifadə edərkən diqqət yetirməli olduğumuz bir çox məqamları unutmamalıyıq.

Hüseyn İdrisov- mütəxəssis: “Ümumiyyətlə turşuların hazırlanmasında birinci növbədə bitkilərin hansı şəraitdə becərilməsi nəzərə alınmalıdır. O bitkilər elə şəraitdə becərilə bilər ki, onlardan hazırlanan məhsullar bir neçə gündən, aydan sonra “ata” bilər, qıcırqıra bilər. Əldə olunan, yığılan məhsul əgər sağlam deyilsə, o da o problemləri yarada bilər. Buna görə də məhsulun tam keyfiyyətli standartlara uyğun olması, yığım vaxtının düzgün təşkili vacib şərtləndən biridir. Onların tərkibinə qatılan bütün o digər birləşmələr, duzlar, qaynadılma prosesi bunları ardıcıl olaraq vaxtında düzgün aparmaq lazımdır. Sonra saxlanma şərtləri də önəmli amillərdən biridir. Bir də görürsən məhsulu istehsal edir, amma onu qeyri-münbit şəraitdə saxlayırlar”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən mövzu ilə bağlı verilən məlumata görə qida zəncirinin bütün mərhələləri üzrə nəzarət tədbirləri mütəmadi olaraq aparılır. Bununla bağlı planlı və plansız yoxlamalar da həyata keçirilir.

İlkin Kərimov- telefon bağlantısı: “Tədbirlər çərçivəsində planlı və vətandaşlardan daxil olan şikayətlər əsasında yoxlamalar həyata keçirilir. Onu da qeyd edək ki, bəzən qanunsuz olaraq saxlanma şərtlərinə və normativ tələblərə cavab verməyən şəraitdə qida məhsullarının satışı həyata keçirilir ki, bu da qida təhlükəsizliyi baxımından yolverilməzdir. Vətəndaşlardan xahiş edirik ki, sözügedən qida məhsullarını alarkən həmin məhsulların mənşə sənədini tələb etsinlər. Etiket məlumatlarını yoxlasınlar, saxlama şəraitinə diqqət etsinlər. Həmçinin müəssisə rəhbəri, satıcıdan qida təhülkəsizliyi qeydiyyatından keçib-keçməməsinə dair məlumatı da tələb edə bilərlər və bu sahədə hər hansı uyğunsuzluq aşkar edilərsə xahiş edirik ki, gentliyin 1003 çağrı mərkəzinə məlumat versinlər”.

Tövsiyə olunur ki, zəhərlənmə, bəzən də ölümə səbəb ola bilən turşu alarkən min ölçüb bir biçəsiniz. Sonradan can sarıdan ziyana düşməmək üçün.

Aişə Rzayeva