• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1255
— 05.09.2023 20:24

Sinif yoldaşlarının hamısı tələbə olub

KepezTV Player

Tələbə adını qazanmaq nə qədər sevindiricidirsə, 11 il sinif yoldaşı olanların hamısının bu adı daşıması bir o qədər qürurludur. Bu il ali məktəbə daxil olanlar sırasında 100%-li nəticə göstərən siniflər də var ki, indi Gəncənin hansı məktəbinin bu uğura imza atması barədə məlumatlı olacaqsınız. 

Gəncədəki Mir Cəlal Paşayev adına 39 №-li tam orta məktəbin 11a və 11b siniflərini bitirən bütün şagirdlər tələbə olub. Qəbul imtahanlarında uğurlu nəticə göstərənlər müxtəlif ali təhsil müəssisəsinə qəbul olublar. Şagirdlərdən 21 nəfəri 500, 6 nəfəri isə 600-dən yüksək bal toplayıb. 

Ülkər Veyisova- tələbə: “Kiçik yaşlarımdan kompüterə daha çox marağım olduğu üçün bu üzrə çalışırdım və 468 balla kompüter mühəndisliyi- tədris ingilis dilində ixtisasına qəbul oldum. Bütün abituriyentlərə tələbə adını arzu edirəm. Çünki bu, çox sevindirici bir addır və hər bir kəsə nəsib olmasını arzu edirəm”.

Kamran Zeynalov- tələbə: “BDU-nun Hüquqşünastlıq ixtisası - tədris ingilis dilində, 667 balla qəbul olmuşam. Məktəb müəllimlərimin mənim uğurumda çox böyük təsiri olub. Onunla birlikdə valideynlərim mənim təhsil almağımda daim dəstək olublar”.

Ləman Yusifova- tələbə: “560 balla Neft və Sanaye Universitetinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olmuşam. Arzum da onsuz da bu ixtisas idi. Arzu edirəm ki, öz ixtisasımı gələcəkdə çox yaxşı yerə gətirəm”.

Bənövşə Abbasova- tələbə: “Ən başından bəri hüquq fakültəsini istəyirdim və axır ki, buna nail oldum - 670 balla ADA universitetinə. Bu demək olar ki, uşaqlıq xəyalım idi və reallaşması möhtəşəm bir şeydir. Bundan sonrakılara tövsiyə verəsi olsam, çalışdıqca hər şeyi etmək mümkündür. Mümkünsüz deyə bir şey yoxdur. Əsas dediyim kimi çalışmaqdır və çox xoşbəxtəm ki, axır ki öz istəyimə nail oldum və hal-hazırda burdayam”.

Bu il məktəbin 182 məzunu olub. Onlardan 153 nəfər ali məktəbə sənəd verib və 129-u tələbə adını qazanıb. Şagirdlərin yüksək nəticə göstərməsi təbii ki, müəllimləri də sevindirməyə bilməz. Şagirdlər arasında müşahidə olunan sağlam rəqabətin qazanılan uğur üçün böyük motivasiya mənbəyi olduğuna diqqət çəkiblər. 

Sevda Məmmədova- müəllimə: “Dərs dediyim şagirdlərimlə həmişə fəxr etmişəm.  Bu gün həmin fəxr hissi ikiqat güclüdür. Çünki dərs dediyim sinifdəki 18 şagirdin hamısı ali məktəbə yüksək balla daxil olublar. Həmin şagirdlərdən ikisi Tibb Universitetinə, biri ADA, digərləri isə ölkəmizin yüksək ali təhsil müəssisələrinə qəbul olunublar. Həmçinin dərs dediyim digər ikinci sinifin şagirdləri ilə də fəxr edirəm, çünki onlar da 19 şagirdin hamısı ali məktəblərə daxil olublar. Hər bir şagirdə uğurlar, gələcək həyatlarında yollarının həmişə açıq olmasını arzulayıram”.

Pərvanə Hüseynova- müəllimə: “Biz şagirdlərimizin belə yüksək ballarla universitetlərə qəbul olmalarına inanırdıq və onlar da bu ballarıyla bizim onlara olan inamımızı doğrultdular. Müəllimlərimizi, valideynlərimizi və şagirdlərimizi təbrik edirəm. Bundan sonrakı tələbəlik həyatlarında uğurlar arzulayıram”.

Ötən ilə nisbətən bu il məktəbin məzunlarının 80%-i qəbul imtahanlarında uğurlu nəticə göstərib. Məktəbin direktoru bunu müəllim, şagird, valideyn uçbucağının düzgün təşkilində görür. 

Nizami Rzayev- 39 №-li məktəbin direktoru: “129 nəfərdən 117 nəfər respublikanın müxtəlif ali məktəblərinə qəbul olunub. Əvvəlki illərlə müqayisədə ötən tədris ilində ali məktəbə qəbul olan məzunlarımız 70% təşkil edib. Bu il isə 80%-in üstündədir. Bunun da səbəbi 2022\2023 tədris ilində gərgin çalışmağımız, uşaqlara sıx-sıx test tapşırıqlarının verilməsi, ali məktəb sənədləri üzrə hazırlanması yüksək effektini verdi”.

Gəncədəki Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin bütün məzunları isə tələbə adını qazananların sırasındadır. 52 məzundan biri olan Fəridə Verdiyeva adını şəhər birincisi sırasına həkk etdirib. O, 683 bal toplayaraq Gəncə şəhəri üzrə ən yüksək nəticə göstərən şagird olub.

Fərid Mehdiyev