• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1727
— 04.09.2023 20:01

Avropaya getmək vədi ilə ölkəyə gətirilən əcnəbilər saxlanıldılar

KepezTV Player

Dövlət Miqrasiya Xidmətinin keçirdiyi tədbirlər zamanı Bakıda müxtəlif ünvanlarda viza müddətindən artıq yaşayan və qanunsuz miqrasiyanın təşkilində iştirak edən 20 əcnəbi saxlanılıb. Bu şəxslərdən 18-nin 5-8 min dollar qarşılığında Azərbaycan ərazisindən istifadə etməklə Avropa İttifaqına üzv dövlətlərin ərazisinə daşınılması vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edilməsi müəyyən olunub.

Təşkilatçılar xarici ölkədə yerləşən turizm şirkəti vasitəsilə əcnəbilərin asan yolla Avropa İttifaqı ərazisinə daşınılmasına dair təbliğat aparıb, Azərbaycana gəldikdən sonra 18 əcnəbinin sənədlərinin hazırlanmasına inandırmaq məqsədi ilə pasportlarını alıb. Həmçinin onların pulunu mənimsəyib və əcnəbilərin viza müddətində ölkə ərazisini tərk etmələrinə maneə yaradaraq qanunsuz miqranta çevrilmələrinə şərait yaradıb. Həyata keçirilən tədbirlər nəticəsində qeyd olunan qanunsuz əməlləri törədən 2 əcnəbi müəyyən edilərək saxlanılıb və aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib. Ümumilikdə, 2023-cü ilin yanvar-avqust ayları ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən təbirlər zamanı 6306 əcnəbi və vətəndaşlığı olmayan şəxs saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib. Həmin dövr ərzində miqrasiya qanunvericiliyini pozan 2331 əcnəbi Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılıb.

 Azad Mustafayev