Gəncədə geniş yayılan qanunsuz küçə ticarəti hallarına qarşı mübarizə tədbirləri çərçivəsində reyd keçirilib. Yoxlamalarda yol kənarlarında, səkilərdə ticarətlə məşğul olan sakinlər həm maarifləndirilib, həm də qanun pozuntusuna yol verdikləri üçün onlara xəbərdarlıq edilib.
Gəncədə icra baçısı və polis rəisi qanunsuz küçə ticarətinə qarşı reyddə iştirak ediblər. Heydər Əliyev, Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərində kütləvi hal alan bu fəaliyyət piyadalar və sürücülər üçün təhlükəli anlar yaradır. Səkilərdə və yol kənarlarında satışın həyata keçirilməsi nəqliyyatın hərəkətini çətinləşdirməklə sıxlığa səbəb olur.
Geniş yayılan küçə ticarəti həm də antisanitar vəziyyat yaradır. Ələlxüsus da meyvə-tərəvəzin, sərinləşdirici içkilərin və geyimlərin necə gəldi satışı insan sağlamlığı üçün də yumşaq desək, ürəkaçan deyil. Odur ki, reydin əsas məqsədi belə fəaliyyətlə məşğul olanları sadalanan xoşagəlmaz hallar barədə məlumatlandırmaqdır.
Adil Tağıyev- Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini: “Bizim əsas işimiz, ilk növbədə vətəndaşları maarifləndiririk. Küçə ticarətinin iqtisadiyyatımıza nə qədər zərər vurduğunu, insan sağlamlığı üçün nə qədər zərərli olduğunu anlatmağa çalışırıq. Təəssüf ki, bunlar öz nəticəsini vermədikdə, inzibati tədbirlər görmək məcburiyyətində oluruq. Bu gün də gördüyünüz kimi, Gəncənin inkişaf tempinə, Gəncənin gözəlliyinə yaraşmayan hallar ortaya çıxır. Biz də bunun qarşısını almağa çalışırıq”.
Şəhərin simasına xələl gətirən, sürücülərin və piyadaların haqlı narazılığına səbəb olan qanunsuz küçə ticarəti ilə məşğul olanlara alternativ yerlər də təklif edilib. Bazarlarda, qapalı məkanlarda alver etməyin əhəmiyyəti izah olunub. Qanunun tələblərinə tabe olmayanlara qarşı isə daha sərt tədbirlər görülüb, satışın dayandılması tələb edilib.
Tural Şahbəndiyev- Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi: “Gəncə şəhər Baş Polis İdarəsi, eləcə də tabeli qurumlar tərəfindən cari ilin yanvar ayının 1-dən bu günə kimi mütəmadi olaraq küçə ticarəti, həmçinin məişət tullantıları ilə bağlı şəhər ərazisində reydlər keçirilir. Küçə ticarəti ilə məşğul olan şəxslərdən bir daha xahiş və tələb edirik ki, şəhərin gözəlliyinə xələl gətirən bu cür hərəkətlərə yol verməsinlər, küçə ticarəti ilə məşğul olmasınlar. Bu hərəkətləri ilə bağlı biz də müəyyən tədbirlər görməyə məcbur oluruq. Biz də xahiş edirik ki, bu cür əməllərə yol verməsinlər”.
Maarifləndirici söhbətlər və xəbərdarlıqlara rəğmən, qanunsuz fəaliyyəti davam etdirənlərə qarşı daha sərt tədbirlərin görülməsi, küçə ticarətinin qarşısını almaq məqsədilə bu cür reydlərin davam etdirilməsi qərara alınıb. Bu ilin 6 ayı ərazində 1240 qanunsuz küçə ticarəti, eləcə də 700-ə yaxın məişət tullantılarının kənar ərazilərə atılması faktı aşkar edilib. Qanun pozuntuları ilə bağlı inzibati qaydada tədbirlər görülüb.
Orxan Cəfərzadə
- Baxış: 469