• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1378
— 18.07.2023 20:10

220-dək müxtəlif növ ağac quruyub

KepezTV Player

İlin əvvəlindən indiyə kimi Gəncənin müxtəlif ərazilərində ümumilikdə 220-dək müxtəlif növ ağacın quruması müşahidə olunub. Monitorinqlər nəticəsində həmin ağacların hər biri qeydiyyata alınıb. Nəticədə müvafiq rəy əsasında onlardan 70-ə qədəri kəsilərək götürülüb və yerində yeniləri əkilib. Bəs parklarda, istirahət guşələrində, eləcə də avtomobil yollarının kənarında salınan yaşıllıq zolaqlarında ağacların qurumasının səbəbi nədir? Bunun qarşının alınması üçün hansı tədbirlər görüləcək?

Bu ilin əvvəlindən başlayaraq Gəncədə parklarda, eləcə də avtomobil yollarının kənarında salınan yaşıllıq zolaqlarında iynəyarpaqlı, həmçinin irigövdəli müxtəlif növ ağacların quruması müşahidə olunur. Quruyan ağaclarda çatlar əmələ gəlir və nöqtəvari az-az şirə ifraz edilir. Düzdür, elə iri gövdəli bitkilər var ki, ömrü az olduğundan onlar bioloji inkişafdan dayanır. Ancaq quruyan ağaclar arasında yaşı az olanlar da var.

Rizvan Quliyev- Gəncə şəhər Yaşıllaşdırma şöbəsinin baş aqronomu: “Əsas səbəblərdən biri qlobal iqlim dəyişikliyidir. İfrat dərəcədə istilərin olması ağacların şüalanmasının pozulmasına gətirib çıxarır. Nəhayətdə ağac quruyur. Laborator analizlərin nəticəsində müəyyən olunub ki, müəyyən ağaclarda kök xərçəngi əmələ gəlib. Parklarda, xiyabanlarda isə “Xan bağı”nda daş sarmaşığı aşkar olundu. Çin yasəməni, Kağızağacı kimi invaziv ağaclar yayılaraq, bu kimi ağacların qurumasına səbəb olur. Tədbirlər planı hazırlanıb, növbəli şəkildə həmin ağacların təmizlənməsi prosesi həyata keçiriləcəkdir”.

Bəzi ağacların yarpaqlarına xəstəliklər düşür. Bunun üçün yaşıllaşdırma şöbəsinin əməkdaşları parklara səfərbər olunublar. Yaşıllıqların ömrünü uzatmaq üçün onların suvarılması da mütamadi olaraq həyata keçirilir.  

Elmir Əzizov- Gəncə şəhər Yaşıllaşdırma şöbəsinin sahə rəisi: “Mütəmadi olaraq hər gün təmizlik işləri gedir. Suvarma prosesi isə Xan arxı, eləcə də artezianlar və maşınlar vasitəsilə ilə aparılır. Nəriman Nərimanov, Avropa, Füzuli, Fikrət Əmirov parklarında yerləşən suvarma sistemləri ilə ağacları, yaşıllıqları mütəmadi olaraq suvarırıq. Bu, hər gün səhərdən axşam saatlarına kimi davam edir”.

Gəncədə ağacların kütləvi şəkildə qurumasının qarşısını almaq üçün mütəxəssislər, aidiyyəti qurumlar hərəkətə keçiblər. Yaradılan komissiyanın üzvləri problemin həlli üçün müşahidələr aparırlar, monitorinqlər həyata keçirirlər. 

Zaur Həsənov- ADAU-nun professoru: “Torpaq sahələri bir az genişləndirilməlidir. Köklər normal inkişaf etməli, hava alıb, su qəbul etməlidirlər. Quruma başdan gedirsə, demək kökdə problem var. Kök başı nizamlayır. Bu baxımdan biz torpağın özünü qorumalıyıq, münbitləşdirməliyik. Ağacların ondan istifadə etmə əmsalını artırmalıyıq”.

Hüseyn İdrisov- ADAU-nun bağçılıq kafedrasının dosenti: “Müxtəlif bitkiləri ağacların altında əkdilər, o da müəyyən müddət yaşadı və tab gətirməyib, məhv oldu. Bitkiləri yerləşdirəndə hansı bitkinin hansılarla uyğunlaşması nəzərə alınmalıdır. Bitkilərə uyğun qidalar verilməlidir. Bitkilər üçün münbit şərait yaratmaq lazımdır. Təəsüflər olsun ki, kim hardan istədi ağacları gətirib parklara əkdi, indi də o, qurumağa məhkumdur”.

Ağaclara aqrotexniki qulluğun olması vacib amillərdəndir. Onların diblərinin bellənməsi, gübrələnməsi və zərərvericilərə qarşı dərmanlanması vaxtlı-vaxtında həyata keçirilməlidir. Əks halda xəstəlik, eləcə də zərərvericilər geniş yayılar və yaşıllıqlar kütləvi şəkildə quruya bilər. 

Elnur Vahidoğlu