Ermənistan silahlı qüvvələrinin bölmələrinin Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində təxribat törətməsindən üç il ötür. 5 gün davam edən şiddətli döyüşlərdə 12 hərbçimiz və 1 mülki vətəndaşımız- kənd sakini şəhid oldu. Bu döyüşlər müasir tariximizdə “Tovuz döyüşləri” kimi şanlı ad qoydu. Xalq-ordu birliyinin nümayişi olan iyul döyüşlərində əldə edilən uğur bizi Qarabağda zəfərə apardı. “Tovuz döyüşləri”nin 3-cü ildönümündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə mediatur təşkil olunub.
12 iyul tarixini artıq üç ildir ki, qürur və şərəflə qeyd edirik. Təqvimin bu günü o tarixdir ki, Vətən uğrunda düşmənlə qarşı-qarşıya döyüşüb, canlarını fəda edən oğullarımız oldu. Ermənistanın dövlət sərhəddində törətdiyi təxribat düşmənin düşünmədiyi ssenari üzrə inkişaf etdi. Azərbaycan Ordusu irimiqyaslı təxribatın, mövqelərimizin iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmasının cavabını qarşı tərəf üçün olduqca ağır şəkildə verdi. “Tovuz döyüşləri”nin iştirakçısı olan hərbçilərimiz həmin günləri qürurla xatırlayır.
Bura isə general-mayor Polad Həşimovun öz tabeliyindəki əsgər və zabitlərlə birgə döyüşdüyü məkandır. Son damla qanına kimi əsgərlərini tək qoymayan və şahadətə ucalan generalımız və hərbçilərimizin sayəsində təxribatçılar niyyətlərinə çata bilmədi. Onlar xeyli itki verərək geri otuzduruldu.
Samir Nağıyev- hərbi qulluqçu: “Tovuz döyüşləri Qarabağ müharibəsinin başlanğıcının ilk səbəbləri oldu. 2020-ci il iyul ayının 12-sində düşmən bizim postlarımıza ağır artilleriya qurğularından ataraq, bizim bölmələrin mövqelərinə soxulmağa cəhd göstərirdilər. Biz komandanlıqdan aldığımız əmrə əsasən, bölmələr atıcı silahlardan zərbə vuraraq, düşmənin bölmələrə soxulmağına imkan vermədik. Başlayan atışmada günorta radələri idi, general Polad Həşimov şəxsən gəldi posta bizim yanımıza. Cənab generalın gəlişi bizim üçün qurur hissi idi, cənab generalla bir yerdə döyüşmək bizim üçün fəxr idi. Ayın 14-ü gecə saat 2-də düşmən yenə atəşkəsi pozdu, cənab general gəldi, bu mövqedə 5 nəfər şəhid oldu. Burda gəlib bizlə özü işləyirdi - təkər doldurmağı, səngər işləməyi. Biz də daha da ruh yüksəkliyi ilə işləyirdik. Elə bir gözəl insanla döyüşdə olmaq fəxr idi”.
2020-ci ilin iyulun 12-dən başlayan aktiv döyüş əməliyyatları iyulun 17-si axşam saatlarınadək davam edib. Beş günlük döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu qəhrəmancasına şəhid olub. Onlardan Polad Həşimov və İlqar Mirzəyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Həmçinin döyüşlər zamanı düşmənin Tovuzda dağıtdığı evlər və obyektlər qısa zamanda bərpa edilib. İndi yeni evlərində yaşayan tovuzlular uşağından-böyüyünə hər kəs 3 il öncəni fəxrlə, qürurla xatırlayır, şəhidləri ehtiramla anır. Axı onların sayəsində dövlət sərhəddinin bütövlüyü qorundu, Qarabağın azadlığı uğrunda yanan böyük alovun şölələri Tovuzda qığılcımlandı, Şuşada alovlandı.
Fərid Mehdiyev
- Baxış: 317