• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 883
— 07.07.2023 19:48

"Yekun sənədə anti-Azərbaycan bəndinin daxil edilməsi cəhdinin qarşısını alan Albaniya oldu

KepezTV Player

Azərbaycan sərmayədarları Albaniyada istər turizm, istər kənd təsərrüfatı və ya hər hansı digər sahədə sərmayə layihələrini ciddi nəzərdən keçirməyə hazırdırlar. Azərbaycan və Albaniya dostluq və qarşılıqlı dəstəyə əsaslanan ikitərəfli əlaqələrdə çox xüsusi dinamika yaradıb. Bunu Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatlarla çıxışında bildirib. Dövlətimizin başçısı Albaniyanın ötənilki Frankofoniya sammitində Azərbaycana verdiyi dəstəkdən də söz açıb. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Biz beynəlxalq təşkilatlarda fəal çalışırıq, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə dəstək veririk. Eyni zamanda, biz Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya çox minnətdarıq. Ötənilki Frankofoniya Sammitində Azərbaycana verdiyi dəstəyə görə mən cənab Prezidentə və Albaniya hökumətinə artıq öz minnətdarlığımı bildirdim. O vaxt Frankofoniya təşkilatının üzv dövlətlərindən biri yekun sənədə bir bəndi əlavə etmək və qəbul etdirməyə cəhd göstərdi. Bu, anti-Azərbaycan mahiyyəti olan bənd idi. Albaniya həmin bəndi bloklayan ölkə oldu. Həmin addım dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü oldu. Hətta Azərbaycan özünü müdafiə etmək fürsətinə malik olmadığı təşkilatlarda belə, bizim Albaniya kimi qardaş ölkəmiz var və o, bu dəstəyi verdi. Buna görə biz çox minnətdarıq”.

Prezident İlham Əliyev Albaniyalı həmkarı ilə ticari, iqtisadi məsələləri, sərmayə imkanlarını nəzərdən keçirdiklərini də diqqətə çatdırıb. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Azərbaycan sərmayədarları Albaniyada istər turizm, istər kənd təsərrüfatı və ya hər hansı digər sahədə sərmayə layihələrini ciddi araşdırmağa hazırdırlar. Hesab edirəm ki, gələn aylarda bizim bu haqda daha çox məlumatımız olacaq və həmçinin münasibətlərimizdə yeni səhifə açılacaq. Bu vaxta qədər əməkdaşlığımızın əsas meyarı enerji sektoruna aid olub. Həmin əməkdaşlıq nəinki ölkələrimiz, o cümlədən böyük sayda digər ölkələr, xüsusən də Cənub Qaz Dəhlizinin hissəsi olan TAP üçün əhəmiyyətlidir. Həmin boru kəməri Albaniyanın ərazisindən keçir. Hazırda o, enerji təhlükəsizliyinin mənbəyidir, Azərbaycan və Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işini, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini nəzərə alsaq, bütün bunlar, təbii ki, ölkələrimiz arasında sıx əməkdaşlıq üçün mühüm meyarlardır. Çünki bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Həmin ölkələrin sayı artır. Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır. Həcmlər artır və onun coğrafiyası genişlənir. Bu ilin sonunadək biz Avropa İttifaqına üzv olan daha çox sayda ölkələrin Azərbaycandan təbii qazı alacağını gözləyirik. Həmçinin əvvəlki təmaslarımızda müzakirə olunan mövzulardan biri Albaniyanın qazlaşdırılması layihəsi idi və sınaq layihəsi seçilmişdi. Bu gün bizə nümayəndə heyətlərinin üzvləri tərəfindən məlumat verildiyi kimi, işlər cədvələ uyğun gedir və ilin sonunadək bizdə artıq bu layihənin texniki-iqtisadi əsaslandırılması olacaq. Bundan sonra isə ümid edirəm ki, biz dərhal investisiyalara başlayacağıq. Bu, qazpaylayıcı şəbəkəsini qurmaq üçün Albaniyaya yatırılacaq xalis Azərbaycan investisiyası olacaq. Həmçinin, biz infrastrukturumuzu Albaniyadan qonşu ölkələrə necə genişləndirəcəyimizi də müzakirə etdik. Bizim indi Tiranada səfirliyimizin olması məni çox sevindirir”.

Bizim dostluğumuzun 30 illiyini qeyd etmək üçün bir çox səbəblərimiz var. Mayda Albaniya ilə Azərbaycanın iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə birgə işçi qrupunun iclası keçirildi. Bu işçi qrupu həyati əhəmiyyət kəsb edən digər sahələrdə də əlaqələri daha da dərinləşdirmək baxımından mühüm addım hesab olunur. Albaniya Prezidenti Bayram Beqay bu işçi qrup əsasında 2024-cü ildə Bakıda keçiriləcək birgə hökumətlərarası komissiyanın yaradılmasına dair razılığın konstruktiv ruhun və iki ölkə arasında mövcud olan anlaşmanın aydın təcəssümü olduğunu qeyd edib. Albaniya və Azərbaycanın enerji sektorunda əməkdaşlıqla bir-birinə sıx bağlı olması diqqətə çatdırılıb.

Bayram Beqay- Albaniya Respublikasının Prezidenti: “TAP artıq birləşmiş uğur hekayəsidir. Albaniyanın TAP-dan faydaları həm iqtisadi baxımından, həm də regional enerji çıxışı və qovşağı kimi strateji əhəmiyyətinin güclənməsi baxımından çox olub. Adriatik-İonik qaz kəməri Albaniyanın regionda qazpaylayıcı kimi roluna daha çox töhfə verəcək. Mən Albaniyanın Azərbaycanla sıx əməkdaşlıq şəraitində ölkənin qazla təchiz olunması çərçivəsində qəti addımlar atmağa hazır olduğunu Prezident Əliyevin bir daha diqqətinə çatdırdım. Albaniyanın qaz tranziti ölkəsi olması artıq reallıqdır. Albaniyanın qaz qəbul edən və nəql edən ölkə olması məqsədini qarşımıza qoymuşuq. Ölkəmiz buna nail olmağa və əməkdaşlığı daha da dərinləşdirməyə sadiqdir. Mən Prezident Əliyevə bildirdim ki, Albaniya Azərbaycanın regional enerji layihələrinin inkişafına artmaqda olan diqqətini alqışlayır və bu, Qərbi Balkan ölkələrini daha da yaxınlaşdıracaq. Eyni zamanda, bu, onların enerji təhlükəsizliyini gücləndirəcəkdir”.

Ötən həftə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında keçirilən görüşləri diqqətlə izlədiyini deyən Albaniya Prezidenti ölkəsinin Cənubi Qafqazda etibarlı tərəfdaşlar və beynəlxalq təşkilatların vasitəçiliyi ilə uzunmüddətli sülhün bərqərar olunmasını dəstəklədiyini diqqətə çatdırıb.

Bayram Beqay- Albaniya Respublikasının Prezidenti: “Prezident Əliyevə dedim ki, Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını dəstəkləyib. Hətta Qərbi Balkan regionunda da dialoq vacibdir ki, biz bir-birimizə keçmişin kini deyil, gələcəyin imkanları baxımından yanaşaq. Mən Qərbi Balkanlarda regional sabitliyin zəruri element olması ilə bağlı əminliyimi ifadə etdim. Serbiya və Kosovo mübahisənin həlli və aralarında yeni əməkdaşlıq ruhunun yaradılması ilə bağlı danışıqlarında iştirak edən tərəflərdir. Tərəflərin öz aralarında və beynəlxalq forumlarda irəli sürdükləri arqumentlərə hörmət dayanıqlı sülhün bərqərar olması üçün istiqamətverici məqamlar olmalıdır. Münaqişə əvəzinə firavanlıq – bu, ikitərəfli və regional tərəqqi üçün kompas olmalıdır. Bu, nə qədər tez baş versə, bizim xalqlarımız ondan bəhrələnəcək”.

Bayram Beqay Albaniyada tezliklə Azərbaycan mədəniyyət həftəsinin təşkil ediləcəyini, əməkdaşlığın inkişafı və turizm baxımından Azərbaycanın sərmayə qoyuluşu arzuolunan olduğunu, viza rejiminin ləğvinin xalqlarımızın yaxınlaşdırılmasının daha bir yolu olmasını da bildirib.

Fərid Mehdiyev