• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 908
— 06.07.2023 19:13

Qeyri-sabit hava şəraiti taxıl biçinini gecikdirib

KepezTV Player

Qərb bölgəsində, ən çox taxıl əkilən rayonlardan biri olan Goranboyda sahələrdən biçin prosesi davam edir. Adətən bu vaxtadək taxıl biçini yekunlaşmalı olsa da, proses gecikir. Səbəbi barədə qarşıdakı süjetdə. 

Goranboyun aran kəndlərində hələ də davam edən taxıl biçini fermerlərin üzünü güldürmür. Son iki ayda müşahidə olunan intensiv yağışlar, dolu və sel prosesi gecikdirib. Təbiət hadisəsi məhsuldarlığa da mənfi təsir edib.

Akif Mahmudov- torpaq mülkiyyətçisi: “Yağışın yağması biçinə çox təsir elədi, biçinimiz çox gecikdi. Dolu yağanda sünbülləri qırıb, yerə töküb. Məhsuldarlığımız aşagı düşdü. Ötən il buna baxanda 25 sentnerlə götürmüşdük”.

Ötən il bu vaxt Goranboy rayonunun aran kəndlərində taxıl biçini başa çatmış və dağətəyi kəndlərdə taxıl biçini həyata keçirilirdi. Lakin bu il havanın qeyri-sabit keçməsi nəticəsində rayonun aran kəndlərində taxıl biçini həyata keçirilir. Bir neçə gündən sonra isə dağətəyi kəndlərində taxıl biçininə başlanılacaqdır.

Hazırda taxıl biçini rayonun Qızılhacılı, Bağçakürd, Hacallı və digər kəndlərində aparılır. Bunun üçün sahələrə 72 kombayn çıxarılıb ki,  bunun da 35-i aqroservisin xətti ilə prosesə cəlb edilib. Havaların qeyri- sabit keçməsi sahələrdə kombayn və traktorların da işini çətinləşdirir.

Yadigar Hüseynov- kombaynçı: “Yağış yağdı, hər yeri alaq otu basdı. Torpaq sulu oldu, kombayn çətinliklə işlədi. Amma yenə də çatdırmağa çalışdıq, camaatı da layiqincə yola verdik. Hər biri də razı qaldı. Sabah Ağcakənddə olacağıq, ordan o biri tərəfə Todan, Erkəc kəndlərinin də taxılını biçəcəyik”.

Rövşən Orucov- traktorçu: “Hava imkan vermədi. Sonra hava açıldıqca işlədik. Yavaş-yavaş məhsulu yerdə qalmağa qoymadıq. Arpa, buğda yerə yatsa da, onu yerdən yığdıq. Texnikalar da vaxtlı-vaxtında təmir etdiyimiz üçün saz vəziyyətdədir”.

Sahələrdən öncə arpa, sonra isə buğda biçini həyata keçirilir. Lakin havanın yağıntılı keçməsi bu prosesi də dəyişib. Hazırda sahələrdə arpa və buğda biçini paralel olaraq aparılır. Biçin prosesi ilə əlaqədar rayonda qərargah da yaradılıb.

Asif Kazımov- Goranboy DAİM–in direktoru: “Biçin prosesinə başlamamışdan öncə DAİM-də qərargah yaradılmışdır. Qərargahın əsas işi ümumilikdə iş prosesinə nəzarət etmək, cəlb edilmiş kombaynlara nəzarət etmək və fermerləri ərazilərdən vaxtsız, itkisiz təmin etməkdir. Son günlər havanın yağıntılı keçməsi bizim biçin prosesinə öz təsirini göstərib. Məhv olan ərazilərimiz var. Hazırda yekunlaşmaq üzrədir. Sığortalanmış ərazilərin sahibləri monitorinqin nəticələrindən sonra sığorta ödənişini alacaqlar”.

Goranboyda 23 min 650 ha-da taxıl əkilib ki, bunun da 1000 ha-a yaxını rayonun dağətəyi kəndlərinin payına düşür. Əkinin 8380 ha-ı buğda, 15 min 270 ha isə arpadır. Artıq 21 min ha-da biçin yekunlaşıb.  Hava şəraitindən asılı olaraq iyulun sonlarına kimi biçin prosesinin başa çatdırılması nəzərdə tutulur.

Elnur Vahidoğlu