“Fransa müstəmləkə siyasətini çox yaxşı gizlədə bilir”. Bunu Bakıda keçiriləcək beynəlxalq tədbir üçün ölkəmizdə olan müstəmləkə siyasəti altındakı ərazilərin nümayəndələri bildiriblər.
Fransa insan haqlarına hörmət etməyi öyrənməlidir. Bunu Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol mətbuat konfransında deyib.
Lyuk Frensis Kerol- Partiya nümayəndəsi: “Fransa Afrika ölkələrini zərərli maddələrlə zəhərləyib. Torpaqları çirkləndirmələri Afrika ölkələrinin əhalisi arasında xəstəliklərin artmasına səbəb oldu. “Fransanın mərkəzi hakimiyyət orqanları uzun illər ərzində Martinikada məscid tikintisinə mane olub. Məscidin tikintisi 25 il çəkib. Bu, onların ikiüzlülüyünü bir daha sübut edib. Sözdə bir şey deyirlər, əməlləri isə bunun əksini göstərir”.
Fransanın dənizaşırı ərazilərdən olan Polineziyanın müstəqilliyinə mane olduğu da dilə gətirilib.
Heynui Le Kai- Partiya nümayəndəsi: “Fransa özünü Sakit okeanın hökmdarı hesab edir. Polineziya ərazisi ondan daha böyükdür. Polineziya ərazisi əksər Avropa ölkələrindən daha böyükdür və Fransa bizi öz nəzarətində saxlamaqdan faydalanır. Beləliklə, dünyanın aparıcı dövlətləri ilə mübarizə aparmağa və onlarla bərabər səviyyədə olmağa çalışır. Lakin biz, susmaq fikrində deyilik. Gələcəyimizi özümüz seçirik, necə yaşayacağımıza, uşaqlarımızı necə böyüdəcəyimizə qərar veririk. Biz azadlığımız naminə Qoşulmama Hərəkatına üzv ölkələrdən dəstək almaq üçün buradayıq. Hər bir ölkənin müstəqillik hüququ var”.
Qvadelupa nümayəndəsi də Fransanın müstəmləkə siyasətini qəbul etməyəcəklərini bildirib.
Jan Jakob Bisep- Qvadelupa nümayəndəsi: “Hazırda söhbət bizə muxtariyyət statusunun verilməsindən gedir. Bu isə o deməkdir ki, biz, Fransa Konstitusiyasına uyğun yaşayacağıq. Bu, bizim azadlıq mübarizəmizi daha da çətinləşdirəcək. Partiya adından bəyan edirəm ki, biz Fransanın bu mövqeyini qəbul etməyəcəyik”.
Dənizaşırı ölkələrlə yanaşı, Korsikanın da Fransa müstəmləkəçiliyindən əziyyət çəkən ölkələrdən olduğu bildirilib.
Fransua Benedetti- Partiya nümayəndəsi: “Korsikanın keçmişdə öz konstitusiyamız olanda belə, Fransa bunu qəbul etməyib, qırğın törədib. Hətta normal tibbi müəssisələrimiz də yoxdur. Korsika 250 ildir müstəqillik uğrunda mübarizə aparır. Bu yaxınlarda Fransa prezidenti Emmanuel Makron çıxışı zamanı birləşmədən danışdı və "Korsika xalqı" ifadəsini işlətməməyi xahiş etdi. Bu, çox şey ifadə edir”.
Müstəmləkə siyasəti altında qalan ərazilərin nümayəndləri mübarizənin həm daxildə, həm beynəlxalq səviyyədə aparılmasının önəmindən danışıblar. Bu baxımdan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın əhəmiyyəti çoxdur.
Vüsalə Cənnətova
- Baxış: 436