Hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşmışdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-ın səylərini yüksək qiymətləndiririk. Bu barədə Prezident İlham Əliyevin ABŞlı həmkarı Cozef Baydenə Müstəqillik Günü münasibətilə ünvanlandığı təbrik məktubunda bildirib. Dövlət başçısı Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında əlaqələrin dostluq və əməkdaşlıq zəminində dinamik inkişaf etdiyini, bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. "Biz enerji təhlükəsizliyinin təmin olunmasında ölkələrimizin sıx əməkdaşlığını, reallaşdırdığımız irimiqyaslı transmilli layihələrdə ABŞ-ın hərtərəfli dəstəyini xüsusi dəyərləndiririk. Qlobal çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik məsələlərində fəal və səmərəli birgə işimiz, iqtisadi sahədə geniş spektrdə qarşılıqlı fəaliyyətimiz ikitərəfli münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir. " - deyə məktubda qeyd edilib.
- Baxış: 283